Hədəflər işarələndi - İrana hücum yenidən başlayır

İsraildə Tehranla diplomatik razılaşma üçün fürsət pəncərəsinin bağlandığına dair getdikcə artan inam fonunda nazirlər və yüksək vəzifəli müdafiə rəsmilərinin iştirakı ilə hərbi kabinet dünən gecə İranı müzakirə etmək üçün toplanıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.

Kanal bildirib ki, ABŞ Prezidenti Donald Trampın İran məsələsi ilə bağlı son qərarının gələn həftənin əvvəlində bəlli olacağı gözlənilir:

“İsraildə tərəflərin İranda hərbi əməliyyatların bərpa ediləcəyinə dair əminlik artır. Rəsmilərin sözlərinə görə, Tramp əl uzadıb razılığa gəlmək istəsə də, İranda bunu edəcək heç kim yoxdur. Tehrandan səs və cavab yoxdur, Müctəba Xameneinin səhhəti ilə bağlı xəbərlər fonunda İran danışıqlardan yayınır.

İran İsrail üçün iki vacib şərtlə bağlı mövqeyini möhkəmləndirir: ölkə ərazisindən nüvə materiallarının çıxarılması və öz ərazisində uranın zənginləşdirilməsinin dayandırılması. İsrail rəsmiləri deyirlər ki, hazırkı şərtlər daxilində İranla sazişin imzalanmasına imkan verəcək irəliləyiş gözlənilmir.

ABŞ dialoq prosesinin dalana dirənməsi fonunda İrana qarşı iqtisadi və dəniz blokadasını sərtləşdirir. İrana qarşı məhdud və ya genişmiqyaslı hərbi əməliyyatlarla bağlı hər tərəfdən xəbərlər gəlir. İsrail başa düşür ki, Trampın qərarvermə anı yaxınlaşır.

İsrail hazırda fəaliyyət göstərdiyi iki əsas sahədə - İran və Livanda sürətli dəyişikliklər gözləyir. Siyasi və təhlükəsizlik eşelonlarına görə, yaxın gələcəkdə regional reallığı dəyişdirmək üçün nəzərdə tutulmuş hərbi və siyasi addımlara hazırlıq gedir”.

N12-nin mənbələri qeyd edirlər ki, İsrail və ABŞ İrana qarşı qısamüddətli, amma nəzərdə tutulan məqsədlərə nail olunacaq hərbi əməliyyat planlaşdırır:

“Müəyyən edilmiş məqsəd İranın enerji infrastrukturunu sıradan çıxarmaqdır. İsrail müdafiə naziri İsrael Kats yeni əməliyyatların bundan əvvəlki hücumun bitdiyi nöqtədən başlayacağını açıqlayıb. Söhbət İranın enerji və iqtisadi infrastrukturunu darmadağın etməkdən gedir. Kats həmçinin yeni hücum çərçivəsində Xamenei sülaləsinin tamamilə məhv ediləcəyi vədini verib”.