Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi təyyarənin Gürcüstanda qəzaya uğraması ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, o, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının regional təşkilatlarının sədrləri ilə görüşündə danışıb.
“Əvvəlcə xalq olaraq hamımıza başsağlığı diləyirəm. Dünən Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə Azərbaycanda olan yük təyyarəmiz qəzaya uğrayıb. 20 vətən övladımız şəhid olub. Uca Allah şəhidlərimizə cənnətdə ən ali məqamı nəsib etsin. Göz yaşlarımızı içimizə axıdır, kədərimizi qəlbimizə gömürük. Dünən qəzaya uğrayan təyyarədə şəhid olan qəhrəmanlarımız peyğəmbərlikdən sonra ən uca mərtəbə olan şəhadət məqamına yetişiblər”, - o bildirib.
Prezident Ərdoğan qeyd edib ki, hadisə barədə xəbər alınan kimi məsul tərəflərlə dərhal əlaqə yaradılıb:
“Axtarış-xilasetmə işlərinə operativ şəkildə başlanılıb. Təyyarəmizin qara qutusu tapılıb və araşdırmalara başlanıb. Şəhidlərimizdən 19-nun nəşi tapılıb, son şəhidimizin nəşinin tapılması üçün axtarış işləri davam etdirilir”.
Türkiyə lideri hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı apardığını söyləyib:
“Bu müddət ərzində əvvəlcə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, daha sonra isə Gürcüstan Baş naziri Kobaxidze ilə telefon danışığı apardıq. Xalqımızla birlikdə azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı da dərin kədərə boğan bu faciəli hadisəni bütün aspektləri ilə araşdırırıq”.
Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.
Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.