- Dünya xəritəsi yenidən cızılacaq. ABŞ, Rusiya və Çinin toqquşan maraqları da var
ABŞ, Çin və Rusiya liderləri arasında keçirilməsi ehtimal olunan görüş beynəlxalq münasibətlər sistemində yeni geosiyasi reallıqların formalaşması baxımından diqqət çəkir. Donald Tramp, Si Cinpin və Vladimir Putinin mümkün təmasları fonunda Ukrayna müharibəsinin gələcəyi, Yaxın Şərqdəki vəziyyət və qlobal güc balansı ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir. Belə bir görüşün gündəliyi və nəticələri yalnız iştirakçı dövlətlərin münasibətlərinə deyil, digər ölkələrin təhlükəsizlik maraqlarına və beynəlxalq proseslərin inkişafına da təsir göstərə bilər. Ukrayna Prezidenti Volodimir Zelenski mümkün görüşü şərh edərkən böyük dövlətlərin dünyanın müxtəlif regionlarında təsir dairələrini öz aralarında bölüşdürməsi ehtimalına qarşı çıxıb. Onun fikrincə, müasir dünya İkinci Dünya müharibəsindən əvvəlki və sonrakı dövrlərdən ciddi şəkildə fərqlənir. Texnoloji dəyişikliklər, beynəlxalq sistemdə parçalanma və geosiyasi rəqabətin mürəkkəbləşməsi ayrı-ayrı güclərin dünya nizamını öz maraqlarına uyğun şəkildə yenidən müəyyənləşdirməsini çətinləşdirir.Zelenski hesab edir ki, bu format ilk növbədə Rusiya üçün diplomatik üstünlük yarada bilər. Eyni zamanda, Ukrayna tərəfi mümkün üçtərəfli təmaslardan əvvəl Əbu-Dabidə Kiyev, Vaşinqton və Moskvanın nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsində maraqlıdır.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, Təbii ki, üç dünya nəhənginin liderlərinin görüşü müasir dünya üçün təsirsiz ötüşə bilməz:
“ Üstəlik, bu üç dünya nəhənginin maraqları arasında kəskin toqquşmalar və hədəflər arasında ciddi fərqlər mövcuddur. Ən əsası isə bu üç dövlət arasında kəskin ziddiyyətlərin olduğu da danılmaz reallıqdır. Ola bilər ki, məhz bu görüş sayəsində ABŞ, Rusiya və Çin arasında qarşıdurma və ziddiyyət mühitinin aradan qaldırılması istiqamətində müəyyən addımlar atılsın. Bu addımların əsas məzmunu dünyanı yenidən bölüşdürmək, təsir dairələrini yenidən müəyyənləşdirmək və bir-birinin təsir dairələrinə müdaxilə etməmək barədə razılıq əldə etməkdən ibarət ola bilər. Hər halda, Qərbin siyasi dairələrində belə ehtimallar mövcuddur. Ancaq bu ehtimalların nə dərəcədə inandırıcı olduğu və reallaşdırılıb-reallaşdırılmayacağı hələlik məlum deyil. Çünki yalnız görüş keçirildikdən sonra hansı məsələlərin müzakirə olunduğu və hansı qərarların qəbul edildiyi aydınlaşacaq.
Analitik qeyd edib ki, hazırda Rusiya üçün önəmli olan məsələ MDB məkanının Kremlin öhdəsinə buraxılmasıdır:
“Yəni Rusiya iddia edir ki, postsovet məkanı onun təsir dairəsidir. Üstəlik, Rusiya siyasi dairələrində neoimperialist iddialar ön plana çıxmağa başlayıb. Əsas hədəf kimi əvvəlcə SSRİ-nin sərhədləri daxilində Rusiyanın ərazisinin genişləndirilməsi, ardınca isə Çar Rusiyasının sərhədlərinin bərpa olunması götürülüb. Bunu da qətiyyən gizlətmirlər. Rusiyaya belə bir imkanın tanınıb-tanınılmayacağı, yəqin ki, yaxın vaxtlarda aydınlaşacaq. Çin artıq Rusiyanın MDB məkanında hegemonluq etməsində maraqlı deyil. Çin üçün Rusiyanın mümkün qədər zəifləməsi və tədricən dağılması, parçalanması, çökməsi daha sərfəlidir. Çünki Çin Rusiyanın Uzaq Şərq ərazilərinə göz dikib və öz əhalisinin həmin ərazilərdə yerləşdirilməsində maraqlı olduğunu qətiyyən gizlətmir. Ancaq bununla belə, Çin indiki məqamda Tayvan problemini nəzərə alaraq bu görüşdə iştirak edə və həmin problemin məhz Çinin maraqları çərçivəsində həllini tələb edə bilər. Amerika Birləşmiş Ştatlarına gəldikdə isə, Hind-Sakit okean regionunda yenidən özünün hegemon mövqelərini bərpa etməyə çalışır və bu mövqelərin kənar müdaxilələrdən müdafiə olunmasına üstünlük verir. Belə anlaşılır ki, ABŞ-da dəhlizlər və şimal marşrutları kimi maraqlarını bu məsələdə ön plana keçirə bilər. Antarktida və Qrenlandiya məsələlərinin Amerika Birləşmiş Ştatları üçün böyük önəm daşıdığı da qətiyyən şübhə doğurmur. Belə bir situasiyada kimin maraqlarının reallaşa biləcəyi barədə düşünmək hələlik çox tezdir. Çünki hər biri bu məsələyə öz prizmasından yanaşır və əksər hallarda bu üç dövlətin maraqları kəskin şəkildə toqquşur”.