İran-ABŞ masası yenidən dağıldı: Trampdan “danışıqları dayandırın” göstərişi

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı yüksək səviyyəli nümayəndələrinə İranla danışıqları dayandırmaq barədə göstəriş verib. Xəbərdə bildirilir ki, Tramp İran rəhbərliyinin razılaşmaya nail olmaqla bağlı yeni siqnal verməsini gözləmək istəyir və yalnız bundan sonra danışıqları bərpa etməyi planlaşdırır.

Sherg.az xəbər verir ki, ABŞ rəsmilərinin yaydığı məlumata görə, Tramp vitse-prezident Ceyms Devid Vens, eləcə də nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerin daxil olduğu danışıqlar komandasına İranla təmasları dayandırmaq və əlaqə saxlamamaq göstərişi verib.

Məlumata görə, münaqişəyə məsafəli yanaşmağa hazır olduğunu göstərən Tramp İranın ABŞ-ın tələblərinə güzəştə getmək istəməməsindən narazıdır. Bildirilir ki, Tramp İran rəhbərliyinin razılaşmaya nail olmaq üçün yeni siqnal verməsini gözləyir və bundan sonra danışıqlara yenidən başlamağı düşünür.

Xəbərə görə, Ağ Ev yeni hücumlar təşkil etmək əvəzinə, zaman keçdikcə İranı “boğmaq” strategiyasına üstünlük verir.

ABŞ-ın maliyyə naziri Skott Bessent ötən cümə axşamı açıqlamasında ABŞ-ın İrana qarşı “indiyədək görünməmiş” sanksiyalar tətbiq edəcəyini və Vaşinqtonun Tehrana qarşı maliyyə təzyiqini artırdığını bildirmişdi.

Tramp dünən sosial media hesabında İranla “heç bir görüş və ya danışıqların davam etmədiyini və planlaşdırılmadığını” açıqlamışdı.

ABŞ və İran arasında Hörmüz boğazı və münaqişənin sona çatdırılması şərtləri ilə bağlı fikir ayrılıqları davam edir. İslamabad Anlaşma Memorandumu çərçivəsində müəyyən edilmiş 60 günlük danışıqlar müddətinin bazar ertəsi başa çatmasından sonra danışıqların gələcəyi qeyri-müəyyən olaraq qalır.