- Politoloq Qalibafın Bakı səfərinin pərdəarxası detallarını açıqladı
- "Bakının ev sahibliyi islam dünyasında artan nüfuzunun göstəricisidir"
ABŞ və İsrail ilə yaşanan qarşıdurma zamanı İran ordusunun yol verdiyi strateji səhvlər Tehranın qonşu ölkələrlə əlaqələrinin zədələnməsinə səbəb oldu. Azərbaycanla İranın siyasi münasibətlərində zaman-zaman gərginliklər yaşansa da, ortaq tarixi irs və din iki ölkə arasındakı bağların qırılmasına imkan verməyib. İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək üçün Bakıya gəlib. Qalibaf region ölkələrinə müraciətində bildirib ki, İranın əsas məqsədi, bölgənin təhlükəsizliyinin kənar qüvvələrin müdaxiləsi olmadan, yalnız region dövlətlərinin birgə səyləri əsasında təmin edilməsi üzərində dayanıb. Qeyd edək ki, İƏT Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardan biridir.
Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Sherg.az-a bildirib ki, Bakının mötəbər təşkilatın iclasına ev sahibliyi etməsi, islam dünyasında artan beynəlxalq nüfuzundan xəbər verir:
“İran öz siyasi mövqeyini açıq şəkildə müsəlman qonşularına izah eləməyə çalışır. Qalibafın Bakıya gəlməkdə əsas məqsədi, Azərbaycanla İran arasında mövcud anlaşılmazlıqların aradan götürülməsinə xidmət edir. Görüşdə İranın ABŞ və İsrailin təcavüzkar hücumlarını uğurla dəf etməsi, həmçinin öz milli maraqlarını qətiyyətlə qoruyaraq, şərtlərini düşmən tərəfə diktə etməsi ətrafında fikir mübadiləsi aparılacaq. İranın ABŞ və İsrail koalisiyasının təcavüzkar addımlarını neytrallaşdırması regionda yeni müqavimət modeli formalaşdırıb. Bu strategiya, islam dövlətləri üçün də nümunə olmalıdır”.
Politoloq Qalibafın beynəlxalq müstəvidə artan rolu barədə danışıb:
“Qalibaf çox görkəmli siyasi xadimdir. Onun hərbi-siyasi və inzibatı təcrübəyə sahib olması, İran daxilində böyük hörmət qazanmasına səbəb olub. O, həm hərbi, həm də siyasi müstəvidə dövlətin və xalqın maraqlarının qorunmasında mühüm rol oynayıb. Gənc yaşlarından İran-İraq müharibəsində iştirak edərək, SEPAH-ın da rəğbətini qazanıb. ABŞ və İsrailin İranla bağlı yaratdığı miflər xarici ölkələrdə yanlış təsəvvür formalaşdırıb. Əslində İranın daxili sisteminə nəzər salsaq, ölkənin islam ideologiyası çərçivəsində özünəməxsus demokratik təsisatlara sahib olduğunu görə bilərik”.
Z.Əlizadə İranda kadr təyinatlarında qohumbazlığın rol oynamadığını, əsas kriteriyanın namizədlərin yüksək elmi, dini və siyasi təcrübəsi olduğunu diqqətə çatdırıb:
“Təsəvvür edin ki, ölkədə keçirilən prezident seçkilərində namizədliyini irəli sürənlərin sayının 100 nəfərə belə çatdığı vaxtlar olub. Başda dini rəhbər dursa da, parlament və prezidentin qərarları da çox böyük əhəmiyyətə malikdir. İranı terroru maliyyələşdirməkdə günahlandıranlar, diqqətlərini İsrailin əməllərinə yönəltsinlər. Minabda İsrail hücumlarının qurbanı olan 168 günahsız qız uşağının qanlı faciəsi, dünyada əsl təcavüzkarın və bəşəriyyətə qarşı cinayət törədənlərin kimliyini açıb-göstərdi”.