İran müharibəni bitirməyə hazırdır - Pezeşkian şərtləri açıqladı

İran prezidenti Məsud Pezeşkianın sözlərinə görə, İslam Respublikasının tələblərinə, xüsusilə də hücum etməməyə dair zəmanətlərə əməl olunarsa, İran ABŞ və İsraillə hərbi qarşıdurmanı başa çatdırmağa hazırdır.

Sherg.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Pezeşkian Avropa Şurasının sədri Antoniu Koşta ilə telefon danışığı zamanı deyib:

“İran heç bir mərhələdə gərginlik və müharibə istəməyib və öz şərtlərinə əməl olunacağı təqdirdə, xüsusilə təkrar aqressiyanın qarşısını alan zəmanətlər verildiyi halda münaqişəni başa çatdırmaq iradəsinə malikdir”.

Tərəflər həmçinin Yaxın Şərqdə gərginliyin artması ilə bağlı bəzi Avropa ölkələrinin mövqeyini və Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər. İran prezidenti bir daha vurğulayıb ki, bu boğaz “aqressor tərəflər və onların tərəfdarları” üçün bağlıdır.

Mart ayında Vaşinqton 15 maddədən ibarət sülh planı təqdim edib. 2Reuters"in mənbəsinə görə, Tehranda bu plan “birtərəfli və ədalətsiz” hesab olunub. İran isə cavab olaraq aqressiyanın dayandırılması, “müharibənin təkrarlanmasını istisna edən obyektiv şərtlərin yaradılması”, zərərin ödənilməsinə və hərbi kompensasiyalara zəmanət verilməsi, eləcə də regionun bütün istiqamətlərində müharibənin dayandırılması tələblərini irəli sürüb.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi dövlətlər arasında mesaj mübadiləsini təsdiqləsə də, bunu danışıqlar adlandırmaqdan imtina edib.

O, Al Jazeera telekanalına müsahibəsində bildirib:

“Mən əvvəl olduğu kimi, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffdan birbaşa mesajlar alıram və bu, bizim danışıqlar apardığımız anlamına gəlmir”.