Sabiq səfir Avropa və Qərb liderlərinin bu müharibə qarşısında passiv qalmasından təəssüflənir
Müasir dövrdə qlobal və regional təhlükəsizlik mühiti getdikcə daha həssas və mürəkkəb xarakter alır. Yaxın Şərqdə baş verən hərbi qarşıdurmalar iştirakçı dövlətlərlə məhdudlaşmır. Bu müharibələr geniş coğrafiyada siyasi, iqtisadi və humanitar təsirlər yaradır. Xüsusilə İsrail və ABŞ-nin İrana qarşı başlatdığı müharibə regionda gərginliyi daha da artıraraq, ölkələri birbaşa və dolayı şəkildə bu prosesin təsiri altına salır. Bu fondda Türkiyə və Azərbaycan kimi strateji mövqeyə malik dövlətlər baş verən hadisələri diqqətlə izləyir, sülh və sabitliyin qorunmasının vacibliyini ön plana çəkirlər.
Sabiq səfir, İMZA İB Türkiyə təmsilçisi Hulusi Kılıç Sherg.az-a bölgənin "atəş halqası" içərisində olduğunu deyib:
"İsrail və ABŞ-nin birgə şəkildə İrana qarşı başlatdığı müharibə artıq bir aydan çoxdur ki, davam edir. Bölgəmiz tam mənada bir “atəş halqası” içərisindədir. Türkiyə və Azərbaycan bu atəşin istiliyini yaxından hiss edir.
Bu müharibə bir tərəfdən minlərlə günahsız mülki insanın ölümünə səbəb olur, digər tərəfdən isə şəhərlərdə həyat tərzini pozur, infrastruktur və enerji sahələrini məhv edir. Bu savaş eyni zamanda İranda yaşayan otuz beş milyon Azərbaycan türkünü də mənfi şəkildə təsirləndirir. Onların çətin şəraitdə yaşamasına səbəb olur. Həmçinin çox sayda Azərbaycan türkünün şəhid olduğunu böyük üzüntü ilə izləyirik.
Bundan əlavə, İranın dini liderinə və yüksək vəzifəli şəxslərə qarşı yönəlmiş hücumları da qəti şəkildə pisləyirik. İranda mövcud rejimi dəyişdirməyə yönəlmiş bu cəhdlərin uğursuz olacağına inanırıq".
Sabiq səfir eyni zamanda, bu müharibənin dünyada enerji böhranına səbəb olduğunu da bildirib:
"Artan neft və qaz qiymətləri dünyada ümumi qiymət artımına gətirib çıxarır və insanların həyat şəraitini mənfi təsirləndirir. Neft və qaz iqtisadiyyatın əsasını təşkil edir və buna bağlı olaraq bütün sahələrdə bahalaşma müşahidə olunur. Nəqliyyatdan başlayaraq bütün xərclər bu sahələrlə bağlıdır.
Türkiyə və Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Bu səbəbdən Türkiyə müharibənin dayandırılması üçün müxtəlif səylər göstərir. Məsələn, Ər-Riyadda keçirilən xarici işlər nazirlərinin toplantısında Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan iştirak etdi. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibəni dayandırmaq üçün müxtəlif ölkə liderləri ilə görüşlər keçirir və diplomatik səylər davam etdirilir.
Biz Azərbaycan və Türkiyə olaraq bu müharibənin ən qısa zamanda başa çatmasını, insanlığa qarşı yönəlmiş, hüquqa zidd və insan ləyaqətini alçaldan vəziyyətin bir an əvvəl sona çatmasını arzulayırıq. Bu istiqamətdə fəaliyyətlərimizi davam etdirəcəyik.
Çünki müharibə uzandıqca dünyadakı tarazlıqlar dəyişir, həyat bahalaşır və insanlar ciddi dolanışıq çətinlikləri ilə üzləşir. Müharibə nə qədər uzun çəkərsə, bir o qədər insanlığın ziyanına olur. İnsanlar bundan böyük əziyyət çəkir. Buna görə də müharibənin bitməsi üçün lazım olan bütün addımlar atılmalıdır".
Analitik Avropa və Qərb liderlərinin bu müharibə qarşısında passiv qalmasını da təəssüf hissi ilə qeyd edib:
"Müharibə bizim bölgəmizdədir, qonşuluğumuzdadır, demək olar ki, qapımızdadır.
İranda yaşayan otuz beş milyon Azərbaycan türkünün yaşadığı çətinliklər də hər zaman diqqət mərkəzimizdədir. Bu bizi ciddi şəkildə narahat edir.
Biz müharibəyə “yox” deyirik. Onun sülh yolu ilə tez bir zamanda sona çatmasını arzulayırıq".