İran vaxtilə verdiyi sözləri tuta bilsəydi, region müharibəyə sürüklənməyəcəkdi - Asim Mollazadə

  • “Heç bir saziş və ölkə İranı nüvə proqramından döndərə bilməyəcək"

ABŞ və İran arasında iyunun 18-də imzalanan memoranduma daxil olan bədlər ötən gün İsveçrədə keçirilən görüşdə müzakirə olunub. Görüş Pakistan və Qətərin vasitəçiliyi əsasında baş tutub. Danışıqlarda İran neftinin ixracı və aktivlərin dondurulmasının aradan qaldırılması daxil olmaqla, memorandumun bütün bəndləri müzakirə edilib. Lakin İsrail ordusunun Livanın cənubunda fəaliyyətini davam etdirməsi, İran rəsmilərinin ABŞ-nin qarşısına sərt tələblər qoymasına səbəb olub. İran tərəfi açıqlayıb ki, bütün cəbhələrdə müharibə dayandırılmayana qədər danışıqlar baş tutmayacaq. ABŞ prezidendi Donald Tramp isə tələbə, təhdidlə cavab verib. Onun sözlərinə görə, Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrin qarşısını almayacağı halda, ağır zərbələr bərpa ediləcək. Qarşılıqlı təhdidlərə baxmayaraq, görüş başa çatıb. Görüşün necə keçdiyinə dair rəsmi açıqlama verilməsə də, "Tasnim" agentliyi heç bir nəticə əldə edilmədiyini yazıb. 

Mövzu ilə bağlı politoloq Asim Mollazadə Sherg.az-a bildirib ki, ABŞ və İran arasında memorandum imzalansa da, Hizbullah-İsrail xəttində toqquşmalar davam edəcək:

“Hizbullah qruplaşması, Livan hökumətini İsraillə danışıqlara son verməyə çağırıb. Bu fakt onların müharibənin başa çatmasını istəmədiyini ortaya qoyur. Regionda "İslami Cihad" silahlı qruplaşmasından tutmuş, Hizbullaha qədər hər biri İrana bağlı terror təşkilatıdır. İran höküməti, rejimin dayaqlarını və ideologoyanı diri tutmaq üçün Yaxın Şərqdə mövcud olan silahlı birləşmələri hərbi və maliyyə dəstəklə təmin edir. Region müvəqqəti atəşkəslə əhatə olunsa belə, həmin qruplaşmaların başınabuyruq hərəkətləri ucbatından münaqişə yenidən cərəyan edəcək”. 

Politoloqun sözlərinə görə, regiondakı atəşkəs müvəqqəti xarakter daşıyır:

“İran və ABŞ-nin nüvə proqramına görə ortaq məxrəcdə birləşmə ehtimalı da aşağıdır. Pakistanın Xarici İşlər Naziri danışıqlarda uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini azaltmaq üçün razılığa gəlindiyini açıqlayıb. İran tərəfi danışıqlarda Pakistan və ABŞ-nin şərtləri ilə razılaşsa da, öz bildiyini saymağa davam edəcək. Bundan qabaq da İran səviyyəni artırmayacağına dair vədlər vermişidi. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi dəfələrlə onların zənginləşdirilmiş uran ehtiyatlarını artırdığını üzə çıxarıb”. 

A.Mollazadə qeyd edib ki, İran vaxtilə verdiyi sözləri tuta bilsəydi, region müharibəyə sürüklənməyəcəkdi:

“Heç bir saziş və ölkə İranı nüvə proqramından döndərə bilməyəcək. Əksinə, müharibənin acı nəticələrini dadan İran, regionda təhlükəsizliyini möhkəmləndirmək üçün bu dəfə, nüvə fəaliyyətini gizli və daha dərin infrastrukturlarda davam etdirəcək. İsrail və ABŞ eyni strateji xətt üzrə hərəkət edir. Yaxın Şərqlə bağlı planlarının fərqli istiqamətlərə yönələcəyinə də inanmıram”.