İranda üç risk istiqaməti: Ali lider postu boş qalarsa nə baş verər? - TƏHLİL

Vasif Əfəndiyev: “Əraqçının bəyanatı Xamenei ətrafında sistemin dayanıqlığını göstərmək üçündür”

İsrail və Amerika Birləşmiş Ştatlarının İrana qarşı həyata keçirdiyi hücum nəticəsində ali dini lider Əli Xameneinin öldürülməsi ölkədə mövcud rejimin dağılması ehtimalını gündəmə gətirib. Lakin İran rəsmiləri sistemin şəxslərin yoxluğu ilə sarsılmayacağını, mövcud siyasi və hərbi strukturların davamlı olduğunu vurğulayıb.

"Tasnim" agentliyinin xəbərinə görə, Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, İran hələ də dünyanın ən güclü ordularından biri qarşısında dayanmaq və regionda cavab tədbirləri həyata keçirmək qabiliyyətinə malikdir. İran rəsmisi həmçinin müharibənin qarşısını almaq və regionda sülhü qorumaq üçün danışıqlar yolunu sınadığını, ABŞ və İsrailin hücumlarına cavab olaraq da güclü hərbi tədbirlərin görüldüyünü açıqlayıb: “Mövcud sistem köklü və möhkəm struktura malikdir və şəxslər getməsi ilə dağılmaya məruz qalmır. Hazırkı müharibədə İran haqlı tərəfdir. Rəsmi Tehran müharibənin qarşısını almaq və regionda sülhü qorumaq üçün heç nəyi əsirgəməyib və danışıqlar yolunu sınayıb. Tehran dəfələrlə xəbərdarlıq edib ki, Vaşinqton tərəfindən müharibə başladılacağı təqdirdə, bu qarşıdurma müstəsna olaraq İran və ABŞ arasında qalmayacaq. Bu bizim müharibəni genişləndirmək istəməyimizdən deyil, Amerika hərbi bazalarının və obyektlərinin bütün regiona səpələnməsi ilə bağlıdır. Bizim ABŞ-nin əsas quru hissəsinə çıxışımız yoxdur, lakin onların regiondakı hərbi bazalarına çıxışımız var və fikrimizcə, bu bazalar qanuni hədəflər hesab olunur, çünki onlar həm İrana hücum alətləridir, həm də bizə təcavüz edən ölkəyə məxsusdurlar".

Abbas Əraqçının bəyanatını şərh edən Vəhdət Partiyası sədrinin müavini, politoloq Vasif Əfəndiyev “Sherg.az”a bildirib ki, İran XİN rəhbərinin bu açıqlaması birbaşa olaraq ali dini lider Əli Xameneinin ətrafında sistemin dayanıqlığını vurğulamağa hesablanıb.

Politoloq əlavə edib ki, İran siyasi modeli fərdi dini lider üzərində qurulsa da, struktur baxımından hakimiyyət bölgüsünə malikdir: “ ABŞ və İsraillə qarşıdurma fonunda hakimiyyət daxilində parçalanma ehtimalını nəzərdən keçirək. İranın siyasi modeli təkcə ali liderdən ibarət deyil. Burada İnqilab Keşikçiləri Korpusu (SEPAH), Ali Milli Təhlükəsizlik Şurası, Ruhani elita , Parlament və hökumət strukturları paralel güc mərkəzləri kimi fəaliyyət göstərir. Ali dini liderin vəfatı və ya aradan götürülməsi halında Konstitusiyaya görə varis seçimi mexanizmi mövcuddur. Yəni nəzəri baxımdan sistem “şəxssiz” də davam edə bilər. Parçalanma riski riski daha çox üç istiqamətdə mümkündür. Birinci elita daxilində, SEPAH daxilində qruplaşma savaşı yarana bilər. İkincisi xarici təzyiq və sosial narazılıqdır. ABŞ və İsraillə genişmiqyaslı müharibə iqtisadi vəziyyəti ağırlaşdırsa, sosial narazılıq artarsa, hakimiyyət daxilində “mülayim xətt” və “sərt xətt” tərəfdarları arasında fikir ayrılığı güclənə bilər.üçüncü variant isə güc balansının dəyişməsidir. Yəni Ali dini lider postu boş qalarsa və ya zəifləyərsə , SEPAH-ın siyasi çəkisi daha da arta bilər. Bu isə ruhani hakimiyyət modelindən daha çox hərbi-siyasi modelə keçid demək olar”.

 Tarixi təcrübəyə istinad edən V. Əfəndiyev bildirib ki, xarici təzyiq artdıqca İran daxilində elita daha çox konsolidasiya olur:

“Məsələn, 1980–88-ci illərdəki müharibə dövründə də sistem çökmədi. Hazırda açıq görünən dərin parçalanma əlamətləri yoxdur. Amma liderlik boşluğu yaranarsa, müharibə uzunmüddətli və dağıdıcı xarakter alarsa və iqtisadi böhran dərinləşərsə, onda daxili elita qarşıdurması real ssenariyə çevrilə bilər. Qısa müddətdə hakimiyyət daxilində açıq parçalanma ehtimalı aşağı görünsə də bu istisna deyildir. Hər şey müharibənin miqyasından asılı olacaq”.