İrandan BMT-yə ABŞ-la bağlı məktub: Müharibə istəmirik!

ABŞ-la danışıqlar davam etdiyi bir vaxtda Tehran Vaşinqtonun təhdidlərinə cavab verib. İran rəhbərliyi BMT-yə məktub göndərərək bildirib ki, ABŞ Prezidenti Donald Trampın açıqlamaları real hərbi hücum riskindən xəbər verir. “İran müharibə istəmir və müharibə başlamayacaq”, – deyə vurğulanıb.

Sherg.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində danışıqların ikinci raundu keçirilərkən Tehran BMT Baş katibi Antonio Quterresə müraciət edib.

İranın BMT-dəki daimi nümayəndəsi Amir Said İravani məktubunda Trampın “güc tətbiqi” hədələrinin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozduğunu, regionu yeni böhran və qeyri-sabitliyə sürükləyə biləcəyini qeyd edib.

İravani bildirib ki, mümkün hərbi hücum halında İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edəcək və bölgədəki ABŞ-a məxsus bütün baza və obyektlər legitim hədəf sayılacaq. O, nəticələrə görə ABŞ-ın birbaşa məsuliyyət daşıyacağını vurğulayıb.