İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL

  • Vasitəçilikdən "qayda qoyucu" gücə... Türkiyə artıq geosiyasi memardır

İranın xarici işlər naziri Abbas Əraqçi verdiyi müsahibədə ABŞ-nin müharibənin əvvəlində planlaşdırdığı "İranı parçalama layihəsinin" qarşısının alınmasında Türkiyənin mühüm rol oynadığını bildirərək, "Onlar çox möhkəm mövqe nümayiş etdirdilər" deyib.

Milliyet.com.tr-yə danışan ekspertlərin fikrincə, Ankara artıq yalnız böhranların həllində vasitəçi rolunu oynamır, eyni zamanda regional qaydaların formalaşmasında iştirak edən "geosiyasi memar" mövqeyinə yüksəlir.

Əraqçinin sözlərinə görə, müharibənin dördüncü günündə ABŞ Prezidenti Donald Tramp İraq Kürd Regional Rəhbərliyinin bəzi liderləri ilə əlaqə saxlayıb. Bundan sonra o, Məsud Bərzani, Bafel Tələbani, Türkiyənin xarici işlər naziri Hakan Fidan və İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə danışdığını bildirib.

Əraqçi qeyd edib ki, Türkiyə həm ABŞ tərəfi ilə danışıqlar aparıb, həm də İranın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirib.

ABŞ-nin "Al Monitor" nəşrinin daha əvvəl yaydığı məlumata görə, İsrailin İran və İraq kürd qruplarını silahlandırmaq planı müzakirə olunmuş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Donald Trampı bu plandan çəkindirdiyi barədə iddialar irəli sürülmüşdü. Əraqçinin açıqlamaları həmin iddiaların Tehran tərəfindən də təsdiqləndiyi kimi qiymətləndirilir.

Ekspertlər nə deyir?

Ankara Sosial Elmlər Universitetinin müəllimi Emete Gözügüzelli bildirib ki, Türkiyə beynəlxalq hüquq çərçivəsində qonşu dövlətlərin ərazi bütövlüyünü daim müdafiə edib və regionun parçalanmasına yönələn planların tərəfdarı olmayıb. Onun sözlərinə görə, Türkiyənin enerji və müdafiə sənayesində qazandığı güc xarici siyasətdə də çəkisini artırıb.

ANKASAM-ın rəhbəri Mehmet Seyfəddin Erol isə Türkiyəni "geosiyasi dalğaqıran" adlandıraraq bildirib ki, Ankara İran ətrafındakı böhranlarda aktiv neytrallıq və regional məsuliyyət prinsipi ilə hərəkət edir. O vurğulayıb ki, İranın parçalanması Türkiyə, Azərbaycan, Türkmənistan, Əfqanıstan və Pakistanı əhatə edən geniş geosiyasi domino effekti yarada bilər.

İRAM-ın eksperti Rahim Fərzam isə hesab edir ki, Türkiyə İranın ərazi bütövlüyünü strateji prioritet sayır. Onun fikrincə, İranda mərkəzi hakimiyyətin zəifləməsi və ya rejim dəyişikliyi Suriyada olduğu kimi yeni silahlı qrupların yaranmasına, miqrasiya dalğalarının, təhlükəsizlik risklərinin və enerji problemlərinin artmasına səbəb ola bilər.

Ekspertlərin ümumi qənaətinə görə, Türkiyə son illərdə həm Rusiya-Ukrayna müharibəsində, həm də Yaxın Şərqdə baş verən böhranlarda yürüdüyü balanslı diplomatiya sayəsində sadəcə vasitəçi deyil, regional geosiyasi proseslərə təsir göstərən əsas aktorlardan birinə çevrilib. Onların fikrincə, gələcəkdə ABŞ Yaxın Şərq və Qafqazla bağlı planlar hazırlayarkən Ankaranın mövqeyini nəzərə almağa məcbur olacaq.