İranla müharibə bitir: ABŞ tarix verdi

ABŞ 9 aprel tarixində İranla münaqişənin başa çatdığını elan etməyi planlaşdırır. Bu barədə Ynet nəşri İsrail rəsmisinə istinadən məlumat yayıb.

Sherg.az xəbər verir ki, “Vaşinqton müharibənin başa çatdırılması üçün hədəf tarix kimi 9 aprel tarixini müəyyən edib”, - nəşrdə deyilir.

Mənbənin sözlərinə görə, müharibənin bu tarixədək dayandırılması Ağ Evin rəhbərinə İsrailin Müstəqillik Günündə ölkəyə səfər etmək və İsrail Dövlət Mükafatını almaq imkanı verəcək.

Bazar ertəsi ABŞ prezidenti bildirib ki, İranın enerji infrastrukturuna zərbələrin dayandırılması barədə göstəriş verib. O, həmçinin qeyd edib ki, son iki gün ərzində Vaşinqton və Tehran arasında “çox müsbət və məhsuldar” danışıqlar aparılıb və bu danışıqlar həftə ərzində davam etdiriləcək. Bununla belə, İran Xarici İşlər Nazirliyi Vaşinqtonla danışıqlar aparıldığını təkzib edib, lakin münaqişənin dialoq yolu ilə həllinə dair vasitəçilər vasitəsilə mesajlar aldığını təsdiqləyib.

Bundan əvvəl Tramp İslam Respublikasına ultimatum irəli sürərək, Tehran 48 saat ərzində Hörmüz boğazını tam açmayacağı təqdirdə, İranın bütün elektrik stansiyalarını məhv etməklə hədələyib.

ABŞ və İsrailin İslam Respublikasına qarşı kampaniyası artıq dördüncü həftəsinə daxil olub. Bu müddət ərzində tərəflər qarşılıqlı zərbələr endirirlər. Təl-Əviv əsas məqsədinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirib. Vaşinqton isə ölkənin hərbi potensialını məhv etməklə hədələyib və vətəndaşları rejimi devirməyə çağırıb. İran isə özünü müdafiə etməyə hazır olduğunu vurğulayaraq, hələlik danışıqların bərpasında məna görmədiyini qeyd edib.