İsrailin planları pozulmasa, regionu daha ağır müharibə gözləyir - ŞƏRH

  • Ekspert ABŞ, İsrail, Türkiyə və İranla bağlı sensasion proqnoz verdi

ABŞ və İran arasında imzalandığı bildirilən anlaşma memorandumu beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub. Bu sənəd münaqişəyə son qoymağa yönəlmiş və dərhal qüvvəyə minən ilkin sülh razılaşması kimi təqdim olunur. ABŞ prezidenti Donald Tramp memorandumu iyunun 17-də, G7 sammitindən sonra Versal Sarayında təşkil olunan şam yeməyi zamanı imzalayıb. 

İranın İRNA dövlət xəbər agentliyi isə İran prezidenti Məsud Pezeşkianın İran-ABŞ razılaşmasını imzaladığı fotoları yayımlayıb. Fotolarda İran prezidentinin sənədin səhifələrini kameralara göstərdiyi, sənəddə həm onun, həm də ABŞ prezidentinin imzalarının olduğu əks olunub. Razılaşmanın əldə olunmasına vasitəçilik edən Pakistanın baş naziri Şahbaz Şərif "X" platformasında bildirib ki, saziş dərhal qüvvəyə minir.

Qeyd edək ki, rəsmi Vaşinqton və Tehran tərəfindən razılaşdırılan sənədin əhatə dairəsinin təkcə iki ölkə ilə məhdudlaşmadığı, bütün Yaxın Şərqi əhatə edən regional bir təhlükəsizlik paktına çevrildiyi məlum olub. ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, ABŞ-İran münaqişəsinin nizamlanması razılaşmasına İsrail, Livan və Fars körfəzi ölkələri də daxil olacaq.

Sözügedən memorandum şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Tural İrfan Shger.az-a açıqlamasında ABŞ və İran arasında baş tutan razılaşmanın formal xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, ABŞ lideri həm Ukrayna savaşını dayandıracağını, həm də İran rejimini devirib yerinə şahın oğlunu gətirəcəyini təzahür etdirirdi, mesajlar verirdi: “Lakin bunların heç biri baş tutmadı. Əksinə İrana qarşı müharibədə ABŞ xeyli nüfuzunu itirdi, haqqındakı supergüc obrazı söndü və geri çəkilməyə məcbur oldu. Hətta ən yaxın müttəfiqi olan İsraillə belə ixtilafa düşdü. Nəticədə ölkə daxilində də ciddi etirazlarla qarşılandı, ona qarşı bir neçə sui-qəsd cəhdi də oldu. Seçilirlərinin, ümumiyyətlə xalqın etimadını itirmək qorxusu ilə dərhal geri addım atıb razılaşmaya getdi. Lakin İsrail bundan qəti narazıdır və mütləq şəkildə razılaşmaya əməl olunmağa imkan verməyəcək. İsrail bu razılaşmaya daxil olmayacaq. Livan və Fars körfəzi ölkələri daxil ola bilər. Hətta ABŞ İrana dəymiş ziyanı onlara ödətmək istəyir. Ona görə də Körfəz ölkələri ABŞ-ın əmrindən çıxa bilməzlər. ABŞ qüdrətli dövlətdir, əgər siyasəti bilən, hərbi strategiyanı düzgün qiymətləndirən lider olsa idi iki yaxud İran kimi ölkəyə də qalib gələ bilərdi. Lakin hər şeyin yanlış, alt-üst planlaşdırılması nəticədə ABŞ-ı zəif və geri çəkilən tərəf kimi təqdim etdi. Etdiyi təhdidlərin heç birini həyata keçirmədi. İddia etdiyi heç bir şeyə nail ola bilmədi”.

Siyasi ekspertin fikrincə, nüvə silahı ilə bağlı qeyd olunanlar da özünətəsəlli nöqteyi-nəzərdəndir:

“Onsuz da İran əvvəldən də elan etmişdi ki, o, nüvə silahı düzəltmir. İsrailin narahatlığı və narazılığı da məhz ABŞ-ın məğlub duruma düşməsinə görədir. Əgər bu razılaşmanın altında alternativ planlar, alt qay yoxdursa, həqiqətən ABŞ-ın yeganə həll yolu budursa demək məğlub olub. İrana sadəcə maddi ziyan vurub bir neçə siyasi, hərbi liderini öldürüblər. Qalan hər şey yerindədir. Əksinə İran əvvəlindən daha güclüdür. Yeni, gənc lider, siyasi və hərbi birlik, xalqla hakimiyyət arasında heç zaman olmadığı vəhdət, həmçinin güclü diplomatiya açıq aşkar qalib tərəfin kim olduğunu göstərir. ABŞ həm özünü uğursuz duruma saldı həm də İsrailin məqsədlərini yarımçıq qoydu. Dərin düşünülməmiş, uzaqgörənliyə əsaslanmayan bu müharibədə Türkiyə və Pakistanın təkidli rolunu İsrail və ABŞ ehtimal etməmişdi. Ona görə də İsrailin yenidən aranı qarışdırması labüddür. Livana qarşı savaş açacaq. Tramp da Suriyanı Hizbullaha qarşı təhrik edir. Bu mərhələdə özləri savaşmaq yox, savaşdırmaq istəyirlər. Əgər İsrailin təxribatlarını Türkiyə və İran poza bilsə ABŞ və İsrailin geri çəkilməkdən başqa çarəsi qalmır. Əks halda İsrail yeni və daha amansız müharibənin əsasını qoyacaq”.