Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı

“Sərhədlər açılsa, Ermənistan Türkiyə vasitəsilə Avropa bazarına çıxa bilər”.

Teleqraf xəbər verir ki, bunu müxalif “Güclü Ermənistan” partiyasının idarə heyətinin üzvü və partiyanın seçki siyahısının rəhbəri Narek Karapetyan deyib.

O bildirib ki, partiya sərhədlərin açılmasının tərəfdarıdır, amma Türkiyənin kənd təsərrüfatı məhsullarının Ermənistan bazarını “boğmaması” üçün düzgün siyasət yürütmək lazımdır.

Karapetyan xatırladıb ki, Türkiyə fermerlərin qaz və elektrik xərclərinin yarısını subsidiyalaşdırır və bununla da istehsal xərclərini azaldır, Fərat çayında su anbarları tikir və bunun sayəsində su ilə bağlı problem yaşamır:

“Azərbaycan hökuməti fermerləri dəstəkləyir, bunun nəticəsində ölkənin kənd təsərrüfatı məhsulları çox ucuzdur. Bu ölkələrin iqtisadiyyatları Ermənistan üçün rəqibdir. Məhsullarımızı alan tərəfdaşa ehtiyacımız var. Buna görə də tərəfdaşımız ya şimalda (Rusiya), ya da ərəb dünyasındadır”.

Xatırladaq ki, “Güclü Ermənistan” partiyasının sədri rusiyalı oliqarx Samvel Karapetyandır. Türkiyə və Azərbaycana qarşı radikal mövqeyi ilə tanına oliqarx İrəvan və Bakı arasında sülhün əleyhinədir. İyunun 7-də keçiriləcək parlament seçkilərində iştiraka hazırlaşan Samvel Karapetyan Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatçı fikirləri ilə də diqqət çəkir.