Rusiyanın maliyyə naziri Anton Siluanov ölkədə vətəndaşlar üçün vergilərin artırılması və bank əmanətlərinin dondurulması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Sherg.az xəbər verir ki, "РИА Novosti"-yə müsahibə verən nazir deyib ki, bu iddialar saxta məlumatdır və hazırda belə təkliflər müzakirə olunmur. Onun sözlərinə görə, Rusiyanın vergi sistemində əsas dəyişikliklər artıq qəbul edilib.
Siluanov qeyd edib ki, hazırda əsas məqsəd maliyyə sabitliyini qorumaq və əhalinin gəlirlərinin artımı üçün şərait yaratmaqdır.
Nazir əlavə edib ki, hökumət büdcə xərclərinin balanslaşdırılması istiqamətində yeni təkliflər hazırlayır. O, həmçinin bildirib ki, Rusiya iqtisadiyyatında inflyasiya və faiz dərəcələrinin azalması müşahidə olunur.