Məkkə İttifaqının ikinci toplantısı sabah keçiriləcək

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı Məkkə İttifaqının ikinci toplantısı sabah Ər-Riyadda keçiriləcək.

Sherg.az xəbər verir ki, toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu təmsil edəcək.

Görüşdə ölkələrarası münasibətlər və regional proseslərlə yanaşı, ABŞ-İran danışıqları və husilərin Səudiyyə Ərəbistanına hücumları müzakirə olunacaq.

Qeyd edək ki, avqustun 7-də ortaq müdafiə məqsədilə imzalanan sazişdən sonra ittifaq çərçivəsində strateji, siyasi və müdafiə komitələri yaradılıb. Komitələrin üzvləri ikinci toplantı üçün Ər-Riyadda bir araya gələcəklər.

Görüşdə həmçinin ittifaqın institusional inkişafı və bundan sonra atılacaq addımlar barədə fikir mübadiləsi aparılacağı gözlənilir.