Münaqişənin belə bitməsi ABŞ üçün məğlubiyyət sayılacaq - CNN-nin analitiki

CNN telekanalının məlumatına görə, əgər İranla münaqişə Tehranının Hörmüz boğazı üzərində nəzarəti saxlaması ilə başa çatsa, bu, dünya ictimaiyyəti tərəfindən ABŞ üçün strateji məğlubiyyət kimi qiymətləndiriləcək.

Sherg.az xəbər verir ki, CNN analitiki Stiven Kollinson bildirib:

“Əgər müharibə Hörmüz boğazı üzərində nəzarətin İranda qalması ilə başa çatsa, bu, beynəlxalq arenada ABŞ-ın strateji məğlubiyyəti kimi qəbul ediləcək”.

Onun sözlərinə görə, belə bir ssenaridə “İran, şübhəsiz ki, öz qələbəsini elan edəcək və gələcək hücumların qarşısını almaq üçün çəkindirici amili bərpa etdiyini düşünə bilər”.

Analitik həmçinin hesab edir ki, İran bundan iqtisadi baxımdan da faydalanmağa çalışacaq və boğaza daxil olan tankerlər üçün rüsum tətbiq edə bilər. Bu isə İrana əlavə gəlirlər qazandıraraq onun ABŞ və İsrailin hava zərbələri nəticəsində məhv edilən silahlı qüvvələrini, həmçinin raket və nüvə proqramlarını bərpa etməsinə imkan verə bilər.

Kollinson əlavə edib ki, belə bir nəticə ABŞ prezidenti Donald Tramp üçün “daha üstün seçim” sayıla bilər. Çünki onun fikrincə, “boğazı güc yolu ilə açmaq cəhdi ABŞ üçün böyük itkilərə səbəb ola və müharibəni uzada bilər, bu isə prezidentin ölkə daxilində artıq zəifləyən siyasi nüfuzuna əlavə zərbə vuracaq”.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar zamanı Tehranın da daxil olduğu iri İran şəhərləri hədəfə alınıb. İslam İnqilabı Keşikçiləri Korpusu cavab olaraq genişmiqyaslı əməliyyat keçirdiyini açıqlayıb və İsrailə zərbələr endirib. Eyni zamanda, ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də hücumlara məruz qalıb.

İran hakimiyyəti ABŞ, İsrail və İslam Respublikasına qarşı aqressiyanı dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı verib. Münaqişə dövründə Tehranın icazəsi olmadan boğazdan keçən bir sıra tankerlərə hücum edilib. Martın 25-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran dost ölkələrə -o cümlədən Rusiya, Hindistan, İraq, Çin və Pakistana məxsus gəmilərin Hörmüz boğazından keçməsinə icazə verib.