- ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti arasında görüşün zirvənin ən mühüm təmaslarından biri olacağı gözlənilir
Türkiyə 2004-cü ildə İstanbul Zirvəsindən sonra ikinci dəfə NATO liderlərini qəbul etməyə hazırlaşır. Zirvə 32 NATO üzvü ölkənin dövlət və hökumət başçılarının, eləcə də dəvət olunmuş ölkələrin liderlərinin iştirakı ilə keçiriləcək.
Lakin Ankara Zirvəsi adi bir NATO toplantısı olmayacaq. ABŞ-İran gərginliyindən sonra formalaşan yeni Yaxın Şərq balansı, Rusiya-Ukrayna müharibəsi, Qara dəniz təhlükəsizliyi, Avropanın müdafiə qabiliyyəti, Çinin yüksəlişi və müdafiə xərclərinin artırılması kimi mühüm mövzular müzakirə olunacaq.
Zirvə 7-8 iyul tarixlərində Ankarada, Prezident Kompleksində keçiriləcək.
Ankara ilk dəfə NATO zirvəsinə ev sahibliyi edəcək.
ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti arasında görüşün zirvənin ən mühüm təmaslarından biri olacağı gözlənilir. Görüşdə müdafiə sənayesi əməkdaşlığı, F-35 prosesi, Suriya və Yaxın Şərq məsələlərinin gündəmə gəlməsi ehtimal edilir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya səfər etməsi ehtimalı da diplomatik kulislərdə müzakirə olunur.
Zirvədə NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırması ilə bağlı yeni hədəflərin də gündəmə gələcəyi bildirilir.
Avropanın öz müdafiə imkanlarını gücləndirməsi və ABŞ-nin yükü azaltmaq meyli də müzakirə olunacaq əsas məsələlər sırasındadır.
Türk müdafiə sənayesi şirkətləri üçün zirvə mühüm bir platforma olacaq.
Ankara tarixinin ən genişmiqyaslı təhlükəsizlik əməliyyatlarından biri həyata keçiriləcək. Təxminən 70 min təhlükəsizlik əməkdaşının tədbirdə xidmət edəcəyi bildirilir.
Son illərdə Rusiya-Ukrayna danışıqları, Suriya prosesi, Qafqaz diplomatiyası və Yaxın Şərq müzakirələrinin getdikcə daha çox Ankarada aparılması Türkiyənin diplomatik rolunu gücləndirib.
Bu baxımdan, 7-8 iyul tarixlərində keçiriləcək NATO Zirvəsinin yalnız alyansın gələcəyi deyil, həm də qlobal geosiyasi balansın yeni mərhələsi üçün həlledici qərarlar doğuracağı gözlənilir.