“İran Azərbaycan və Türkiyəni regional müharibəyə cəlb etməyə çalışır”
Martın 5-də günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.
Bölgədə baş verən son hadisələr fonunda İran, Türkiyə və Azərbaycan arasındakı münasibətlər yenidən diqqət mərkəzindədir.
Qeyd edək ki, dünən Türkiyə bu gün isə Azərbaycan hücuma məruz qalıb.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a bu hücumların bir məqsəd altında həyata keçirildiyini deyib:
"İranda dövlət daxilində birlik olmadığına görə Türkiyəni və Azərbaycanı da hazırda baş verən regional müharibənin içinə çəkməklə hadisəni çox fərqli bir ölçüyə çıxarmaq istəyir. Dünən Türkiyə hava məkanında görünən raketi NATO zərərsizləşdirdi. Lakin bu, birbaşa Türkiyəyə qarşı edilmiş fəaliyyət deyildi.
Türkiyə baxımından bu məsələ NATO-nun inteqrasiyası, işin içinə daxil olması deməkdir. Azərbaycanla bağlı edilən bu hücum isə şimaldan da bir cəbhə açmaq mənasına gəlir".
Yücel Karauz Türkiyə və Azərbaycanın İranın ərazi bütövlüyü və bu baş verən müharibə ilə əlaqədar hər hansı mənfi və ya düşmən mövqeyi sərgiləmədiyini vurğulayıb:
"Naxçıvanda mülki yaşayış məntəqələrinə qarşı edilən bu davranış qəbuledilməzdir və dostyana addım deyil. Xüsusilə də dünən Azərbaycan Prezidenti İran səfirliyinə gedərək başsağlığı mesajı yazdı, dini liderlə bağlı ifadələr işlədərək başsağlığını bildirdi. Bu prosesdə belə bir hücumun baş verməsi qəbuledilməzdir".