- TRIPP layihəsi Naxçıvanın isə geosiyasi mərkəzə çevrilməsinə şərait yaradacaq. Bu da iqtisadi inkişafla yanaşı, təhlükəsizliyin təmin olunmasına xidmət edən məsələdir
Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Arman Yeqoyan TRIPP layihəsinin həyata keçirilməsini həm Ermənistan, həm də Azərbaycan üçün faydalı hesab edir.
O bildirir ki, bu layihə faydasız olsaydı, həmin sənəd imzalanmazdı. Sənəddə qeyd olunan şərtlər iki tərəfin də maraqlarına uyğundur.
Məsələ ilə bağlı Sherg.az-a açıqlama verən politoloq Natiq Miri bildirir ki, bu layihə həm Azərbaycanın, həm də Ermənistanın geosiyasi əhəmiyyətini artıracaq:
“TRIPP layihəsi həm Azərbaycan, həm də Ermənistan üçün hər cəhətdən üstünlük vəd edir və hər iki dövlətin milli maraqlarına xidmət edir. Çünki Azərbaycan özündən ayrı düşmüş Naxçıvanla birbaşa nəqliyyat-kommunikasiya əlaqəsi əldə edir. İkincisi, Azərbaycan bu nəqliyyat-kommunikasiya xətti vasitəsilə bütün türk dünyasını birləşdirir. Bir tərəfdə qardaş Türkiyə, digər tərəfdə Türküstan. Bu ölkələri birləşdirəcək və onlar arasında körpü yaradacaq dövlət Azərbaycandır. Digər tərəfdən, Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin üzərində yerləşməklə mühüm nəqliyyat körpüsünə çevrilib. Bu da həm Azərbaycanın, həm də Ermənistanın geosiyasi əhəmiyyətini artırır. Eyni zamanda, Ermənistan üçün də yeni imkanlar yaranır. Dünənə qədər blokadada olan Ermənistan nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə həm Türkiyəyə, həm MDB ölkələrinə, o cümlədən Culfa vasitəsilə İrana və Yaxın Şərqə, eyni zamanda, Türkiyə üzərindən Avropaya və Aralıq dənizinə çıxış əldə edir. Bu isə yeni bazarlar deməkdir. Rusiyanın iqtisadi sanksiyaları fonunda bu, Ermənistan üçün açılan ən böyük nəfəslikdir. Ermənistan bununla geosiyasi və geoiqtisadi əhəmiyyət daşımağa başlayır. TRIPP sadəcə avtomobil və dəmir yolu xətləri ilə məhdudlaşmır. Perspektivdə Ermənistandan keçməklə yeni enerji xətlərinin çəkilməsi də nəzərdə tutulur. Yəni Azərbaycan Ermənistandan keçməklə Naxçıvandan Türkiyəyə, oradan da Avropaya enerji satmaq fikrindədir. Digər tərəfdən, Ermənistanın hazırda Rusiya neft və qazına alternativlər axtardığı bir vaxtda kommunikasiyaların açılması mühüm amildir. Bu, əlbəttə ki, Ermənistanın Rusiyadan asılılığını azaldacaq və onun suveren dövlət kimi inkişafına şərait yaradacaq.
Ermənistanın Avropaya inteqrasiya istiqamətində strateji xətti var. Hazırda Avropaya çıxışı olmayan Ermənistanın belə bir inteqrasiyası mümkün deyil. Ona görə də Türkiyə və Avropaya çıxış əldə etmək və öz hədəflərinə çatmaq üçün Ermənistanın TRIPP layihəsinə ehtiyacı var”.
Politoloq hesab edir ki, Azərbaycan Prezidentinin Naxçıvana səfəri çərçivəsində də TRIPP layihəsinin önəmi vurğulanmışdır:
“TRIPP layihəsi Azərbaycan üçün çox ciddi layihə kimi qiymətləndirilir və Azərbaycanın inkişafına, Naxçıvanın isə geosiyasi mərkəzə çevrilməsinə şərait yaradacaq. Naxçıvan artıq logistika mərkəzlərindən birinə çevriləcək. Bu da iqtisadi inkişafla yanaşı, təhlükəsizliyin təmin olunmasına xidmət edən məsələdir.
Çünki bu layihədə iştirak etmək istəyən bir çox güc mərkəzi var. Başda ABŞ və Avropa İttifaqı olmaqla, digər ölkələr də layihədə maraqlıdır. Bu da regionun həm iqtisadi, həm də texnoloji inkişafı ilə yanaşı, region üçün təhlükəsizlik vəd edir. Çünki TRIPP layihəsi Prezident Trampın adı ilə bağlıdır. Prosesdə ABŞ-nin birbaşa iştirakı müəyyən təhlükəsizliklərlə yanaşı, infrastrukturun da inkişafı deməkdir”.
Paşa Nuru