Nazir: Ankara Zəngəzur üçün bütüb tədbirləri tam şəkildə yerinə yetirir

Ankara Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün ondan asılı olan tədbirləri tam şəkildə yerinə yetirir.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu “Yeni Şafak” qəzetinə bildirib.

O, Qarsdan Naxçıvan Muxtar Respublikası ilə sərhədə qədər dəmir yolu xəttinin tikintisinə başlandığını xatırladıb. “Bu gün biz Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid dəmir yolu şəbəkəsi yaratmaq məqsədi ilə qətiyyətlə irəliləyirik”, - deyə türkiyəli nazir qeyd edib.

Nəqliyyat naziri, həmçinin bildirib ki, Naxçıvanda təxminən 80 km mövcud xətlərdə modernləşdirmə işləri başa çatıb və 15-20 km yeni yolun tikintisi plana uyğun olaraq davam edir. “Zəngəzur dəhlizinin Ermənistanın cənubundan keçəcək 42-43 km-lik hissəsində yol tikintisinə gəlincə, hələlik işlər başlamayıb. Azərbaycanın hesablamalarına görə, əgər bu il Ermənistan ərazisində tikinti işlərinə başlanılarsa, bütün Zəngəzur dəhlizi beş il ərzində tamamlana bilər”, -deyə o əlavə edib. (azərtac)

İran ətrafındakı böhranla bağlı A.Uraloğlu İraqın neftlə zəngin cənub bölgələrini və limanlarını Türkiyə ilə, daha sonra isə Avropa ilə birləşdirən nəqliyyat və logistika sisteminin yaradılmasını nəzərdə tutan “İnkişaf yolu” marşrutunun əhəmiyyətini qeyd edib.

“Orta Dəhlizlə inteqrasiya olunmuş “İnkişaf yolu” arteriyası təhlükəsiz və fasiləsiz ticarət üçün əvəzolunmaz alternativə çevrilib. Göstərilən istiqamətdə işlər sürətlənib. Bu təşəbbüsün həyata keçirilməsi ilə yüklərin tranzit müddəti əhəmiyyətli dərəcədə azalacaq, xərclər minimuma enəcək və ölkəmizin geoiqtisadi mövqeyi daha da möhkəmlənəcək”, - deyə nazir bildirib.