Nazir müavini: Azərbaycanın gələcəkdə qarşılaşacağı təhdidlər mədəni irslə bağlı olacaq

Hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6308 abidə var. Onlardan 1400-dən artıq tarixi-mədəni əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə qismində qeydə alınıb.
Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkəmizdə ilk dəfə keçirilən “Mədəni İrs” Forumunun açılışında çıxışı zamanı deyib.


"26 tarix-mədəniyyət qoruqları fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun ümumdünya irs siyahısına daxil edilib. Eyni zamanda, 23 qeyri-maddi mədəni irs elementi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir və bu proses gələcəkdə də davam edəcək, - o deyib.

Nazir müavini son 3 il ərzində ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın gələcəkdə qarşılaşacağı təhdidlər əsasən mədəni irs, tarix və ümumilikdə mədəniyyətlə bağlı olacağını vurğulayıb: "Ona görə də bu istiqamətdə görüləcək işlərə daha həssas, sistemli və kompleks yanaşılmalı, kadr hazırlığına xüsusi diqqət yetirilməli, elmi araşdırmaların sayı və keyfiyyəti artırılmalıdır".