İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə

  • Onlar Türkiyəni kürdlərin vasitəsilə dağıtmaq istəyirlər. Çünki Türkiyə ilə açıq savaşa girmək gücündə olmadıqlarını bilirlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrailin Baş naziri Benyamin Netanyahunun qarşılıqlı bəyanatları beynəlxalq ictimaiyyətdə rezonans doğurub. Ərdoğanın “Netanyahu hakimiyyətdən getməlidir” bəyanatı, İsrail mətbuatını silkələyib.

Netanyahu Türkiyə kimi yeni rəqiblərin regionda güclənməsinin qarşısını almağın vacibliyindən danışıb. Hazırda tərəflərin mövqeləri Suriya üzərində toqquşur. Netanyahu Türkiyə-Suriya münasibətlərinin yaxınlaşmasından narahatlığını gizlətməyib. Baş nazir Türkiyənin cənub istiqamətində mövqelərini genişləndirməsinə qarşı çıxıb. Xatırladaq ki, 2026-cı il avqustun 18-də İsrailin Suriyanın İdlib bölgəsində yerləşən Əbu əl-Zuhur hərbi aerodromuna endirdiyi zərbə Türkiyə-İsrail münasibətlərini kəskinləşdirən əsas həmlə olub. İsrail hücumun Türkiyənin bölgədəki hərbi mövcudluğunu neytrallaşdırmağa yönəldiyini açıqlayıb.

İsrail Türkiyə-Suriya yaxınlaşmasından nəyə görə ehtiyatlanır?

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Sherg.az-a bildirib ki, İsrailin milli məqsədi "Böyük İsrail" dövləti yaratmaqdır:

“İlk mərhələdə Livanı, İordaniyanın böyük hissəsini, İraq və Səudiyyə Ərəbistanının müəyyən ərazilərini bu dövlətin tərkibinə qatmağı planlaşdırırlar. Növbəti mərhələdə isə Nil çayından Fərat çayına qədər uzanan ərazidə "Böyük İsrail"in qurulması nəzərdə tutulur. “Böyük İsrail” yaratmaqla yanaşı, əsas məqsədlərindən biri də Yaxın Şərqin vahid ağasına çevrilməkdir. Sionistlərin ideologiyasına görə, İsrailin ətrafında heç bir ərəb dövlətinin qüdrətli ordusu olmamalıdır. Bəşər Əsəd İsrailə müqavimət göstərdiyinə görə başlıca maneəyə çevrilmişdi. Tel-Əviv Əsədi devirmək üçün ABŞ-nin dəstəyi və Səudiyyə Ərəbistanının maliyyəsi ilə dünyanın dörd bir yanından radikal qruplaşmaları bölgəyə toplayaraq, vətəndaş müharibəsi təşkil etdi. İsrail aviasiyası Əsəd hakimiyyəti devrilən kimi Suriyanın 30-40 il ərzində topladığı silah arsenalını və hərbi bazalarını bombalayaraq məhv etdi. Hazırda Suriyada hakimiyyəti ələ keçirən Əhməd əş-Şəranın nəzarətindəki qüvvələrin hərbi arsenalı yalnız üzərinə pulemyot bərkidilmiş "Toyota" pikapları ilə məhdudlaşır. Türkiyə Suriyada ordu yaratmaq istəyir. Ölkənin şimal zonasına çoxlu sayda hərbi mütəxəssis göndərib. Ankara ilk növbədə Tədmür şəhərində yerləşən hərbi hava bazasında təlim mərkəzinin təsis olunmasını planlaşdırırdı. İsrail oranı bombaladı. Bu proses bir neçə dəfə təkrarlandı”. 

Politoloqun fikrincə, Təl-Əviv Türkiyənin Suriyada vahid ordu qurmasına imkan verməyəcəyini bəyan edib:

“Baxın, bu da “Böyük İsrail” nəzəriyyəsinə xidmət edir. İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq. Onlar Türkiyəni kürdlərin vasitəsilə dağıtmaq istəyirlər. Çünki Türkiyə ilə açıq savaşa girmək gücündə olmadıqlarını bilirlər. Artıq İraqda Kürdüstan regional rəhbərliyi var. Suriyada isə muxtariyyət formalaşıb. Silahlı kürd qruplaşmaları Suriya ordusunun ən effektiv nizamlı hissələrini təşkil edirlər. Proseslərin məntiqi göstərir ki, növbəti hədəf Türkiyəni bölməkdir. Onların açıq-aşkar strateji məqsədi Türkiyəni daxildən zəiflədib, parçalamaqdır. Türkiyənin istefada olan admiralı Cihat Yaycı dəfələrlə xəbərdarlıq edib ki, əsas məqsəd etnik separatçılıq vasitəsilə Türkiyə və İranı parçalamaq, bölgədə İsrailin təsiri altında marionet dövlətlər formalaşdırmaqdır”. 

Müsahibin qənaətinə görə, 2016-cı il 15 iyul tarixində Türkiyədə dövlət çevirlişinə cəhd planlarının arxasında da ABŞ və İsrail dayanmışdı:

“Ərdoğana çevriliş haqqında məlumatı Putin ötürdü. Fətullah Gülən Türkiyənin hərbi hava qüvvələrindən tutmuş məhkəmə orqanlarına qədər ABŞ və İsrail agentlərini yerləşdirmişdi. Həmin vaxt Gülənin məhz ABŞ-də sığındığını nəzərə alsaq, bu faktı sübut etmək üçün əlavə dəlilə ehtiyac qalmır. Türkiyə ordusu hərbi potensialına görə İsrail ordusundan dəfələrlə güclüdür. İsrailin üstünlüyü isə iki məsələyə söykənir. Əsas amil İsrailin nüvə silahının olması və Türkiyənin bu imkandan məhrumluğudur. İkincisi isə Vaşinqtonun tam şəkildə İsrailin siyasi xəttinə tabe olmasıdır. Tramp demək olar ki, Netanyahunun diktəsi ilə oturub-durur. Sionistlər əmindirlər ki, Türkiyə ilə münaqişə yaranacağı təqdirdə ABŞ onların arxasında dayanacaq”. 

Z.Əlizadə Epşteyn cinayətlərində Trampın da iştirak etdiyini iddia edib:

“Həmin sənədlər hazırda Netanyahunun əlindədir. Tramp onların tək bir sözünə qarşı çıxarsa, haqqındakı kompromatları mətbuata sızdırıb, prezidentlik karyerasını məhv edərlər. Bununla yanaşı, ABŞ Senatına və Konqresinə seçilən siyasətçilərin seçki xərcləri birbaşa AIPAC (Amerikada İsrail İctimai İşlər Komitəsi) və yəhudi milyarderləri tərəfindən qarşılanır. Sözügedən mexanizm orqanizmi daxildən gəmirən paraziti xatırladır. Ən böyük cüssə belə sonda aciz qalıb, məhv olur. İsrail də eyni üsulla ABŞ-ni istismar edərək, öz siyasi maraqlarının alətinə çevirib. Tramp və Netanyahunun arası dəyməyib. Mövcud situasiya Təbriz zərgərlərinin məşhur fəndini əks etdirir: Onlar güya öz aralarında şərti mübahisə yaradır, lakin arxa fonda müştərini aldadaraq məhsulu baha qiymətə satmaq üçün bir-birinə şərait yaradırlar”.