Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...

AKP-nin sədr müavini və partiyanın sözçüsü Ömər Çelik jurnalist Ertuğrul Özkökün açıqlamalarına sərt reaksiya verib. O, Prezident Rəcəb Tayyib Ərdoğanı diktatorla müqayisə etməyin "əqli və mənəvi səfalət" olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Ömər Çelik sosial media hesabında paylaşdığı açıqlamada Prezident Rəcəb Tayyib Ərdoğanın dəfələrlə xalqın azad iradəsi və demokratik seçkilər yolu ilə hakimiyyətə gəldiyini vurğulayıb.

Çelik bildirib ki, Ərdoğan hazırda demokratik seçkilərlə hakimiyyətə gələn dünya liderləri arasında ən təcrübəli dövlət xadimlərindən biridir.

Onun sözlərinə görə, Prezident Ərdoğanın siyasi mövqeyini İspaniyanın keçmiş diktatoru Fransisko Frankonun rejimi ilə eyniləşdirmək "ağıl və məntiqdən uzaq yanaşmadır" və bu, eyni zamanda xalqın iradəsinə qarşı mənəvi problem yaradır.

Çelik qeyd edib ki, demokratik legitimliyi yüksək olan bir lideri insanlıq cinayətləri törətmiş diktatorla müqayisə etmək "əqli və mənəvi səfalətdir".

O, həmçinin AKP haqqında "AKP adlı partiya yoxdur" məzmunlu fikirlərə toxunaraq bildirib ki, bu cür ifadələr yalnız "çürümüş düşüncə tərzinin arzusu"dur.

"Bu çürümüş bəyanatlar heç bir hüquqi və siyasi əhəmiyyət daşımır. Bunlar yalnız Türkiyəyə qarşı pis niyyət bəsləyən dairələrin etiraflarıdır", - deyə Çelik vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl İstanbul Baş Prokurorluğu jurnalist Ertuğrul Özkök barəsində iştirak etdiyi proqramda səsləndirdiyi fikirlərə görə "Prezidenti təhqir etmə" maddəsi ilə istintaq başladıldığını açıqlamışdı.