İranda da isə hakimiyyət böhranı yaşanır, müharibəni artıq generallar idarə edir
ABŞ, İran və İsrail arasında fevralın 28-də başlayan münaqişə artıq 38-ci gününü geridə qoyub. ABŞ ordusu hərbi obyektləri bombalamaqla yanaşı İranın neft-kimya zavodlarına da zərbələr endirir. SEPAH isə ABŞ-nin regiondakı bazalarına və İsrailin mühüm şəhərlərinə hücumları istensivləşdirib. Bununla paralel olaraq, Hörmüz boğazındakı gərginlik də həllini tapmayıb. ABŞ Prezidenti Donald Tramp boğazın açılması üçün İrana aprelin 8-dək vaxt verib. Əks təqdirdə onlara “əsl cəhənnəm” yaşadacağını bildirib. Tərəflər arasında münaqişənin kəskinləşməsi, digər ölkələri vasitəçilik təşəbbüsü göstərməyə vadar edir. Pakistan, əməliyyatların dayandırılmasına görə çərçivə sazişi hazırlayıb. Sazişdə, ikimərhələli yanaşma təqdim olunub. Birinci mərhələdə, atəşkəsin elan edilməsi, ikinci mərhələdə isə genişmiqyasılı razılaşmanın əldə olunması nəzərdə tutulub. Gündəmdə danışıqlardan bəhs edilsə də, Trampın sərt bəyanatları proseslərin hansı müstəvidə davam edəcəyini sual altında qoyur.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Sherg.az-a bildirib ki, ABŞ Konqresində Trampın İrana qarşı həyata keçirdiyi müharibə strategiyasına ciddi etirazlar mövcuddur: 
“ABŞ Konstitusiyasına görə, dövlət başçısı hərbi əməliyyatlar aparmaq səlahiyyətinə malik olsa da, Konqresin icazəsi olmadan müharibə başlada bilməz. Ona görə də Tramp İranla toqquşmaya “hərbi əməliyyat” adı altında taktiki don geyindirir. 1973-cü il tarixli Müharibə Səlahiyyətləri Qətnaməsi prezidentə müəyyən hallarda hərbi əməliyyatlara başlamaq imkanı versə də, bunun üçün Konqresə məlumat verilməsi tələb olunur. Məlumat verilmədiyi və ya təsdiq alınmadığı halda, hərbi qüvvələr 60 gün ərzində geri çəkilməlidir”.
Politoloqun sözlərinə görə qoyulan zaman tələbi ucbatından, Tramp özünü “qalib” elan edərək müharibədən çəkilmək istəyir:
“Rəsmi Tehran isə öz şərtlərinin qəbul olunmayacağı təqdirdə müharibəni dayandırmayacaqlarını bəyan edir. Həmin şərtlərə İrana qarşı hücumların təkrarlanmayacağına zəmanət verilməsi, müharibə zamanı dəyən ziyana görə kompensasiya ödənilməsi, eləcə də raket və nüvə proqramının dinc məqsədlər üçün davam etdirilməsi kimi məsələlər daxildir. Şərtlərin ağırlığı Vaşinqtonu yola gətirmir”.
E.Həsənovun fikrincə, mövcud şəraitdə tərəflərin atəşkəs üçün müzakirələr aparacağına inanmaq çətindir:
“Bəzi mənbələr İranın ali dini rəhbəri Müctəba Xameneinin komaya düşdüyünü iddia edirlər. Əgər vəziyyət həqiqətəndə belədirsə, onun yerinə orduya başçılıq edənin kim olduğu sual altındadır. Prezident Pezeşkianın isə ordu üzərində təsir gücü yoxdur. Demək olar ki, müharibəni aparan SEPAH generallarıdır. Münaqişə uzandıqca, ölən generalların sayı da arıtır. Artıq ikinci dərəcəli generallar rəhbər çatışmazlığı səbəbindən ordunun əsas idarəedici qüvvəsinə çevriliblər”.
İranda siyasi gücün mərkəzləşməməsi SEPAH-ı müharibəni dayandırmaqdan çəkindirir.
“Görünən odur ki, hərbi əməliyyatlar yalnız Trampın güzəştlərinə və dəstəyinə əsasən həllini tapa bilər. Pakistanın vasitəçi ölkə kimi hazırladığı plan da özündə bunları əks etdirir. Əgər bu plan İranı qane etməsə, ABŞ Yaxın Şərqdə daha dağıdıcı hücumlara əl atacaq. Trampın “İranı cəhənnəmə çevirəcəm” mesajı, ağır silahların istifadəsinin yaxınlaşdığını göstərir. Hətta Tramp İrana təzyiqi artırmaq məqsədilə nüvə silahından istifadə etməyi də nəzərdən keçirə bilər. Bu addım nəinki İran digər ölkələrin də kabusuna çevriləcək. Tərəflər təhlükəli eskalasiyasını nəzərə alıb, tezliklə danışıqlar masasına oturmalıdır”.