- Təl-Əviv Ərdoğanın regionda artan nüfuzunu İsrailin təhlükəsizliyi üçün birbaşa təhdid görür
Son dönəmlər Türkiyə və İsrail mətbuatında əsas müzakirələr tərəflərin bir-birinə qarşı səsləndirdiyi sərt ifadələr üzərində cəmlənib. İsrail Nazirlər Kabinetinin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamə layihəsini qəbul etməsi tərəflər arasındakı gərginliyi pik həddə çatdırıb.
Tel-Əviv, Türkiyəni bu hadisələri təhrif etməkdə ittiham edir. İsrailin Ankaraya qarşı sərtləşən mövqeyini, Baş nazir Benyamin Netanyahunun səsləndirdiyi bəyanatlarda aydın görmək olar. Netanyahu, Türkiyənin NATO üzvü olmasına baxmayaraq, Kiprin yarısını işğal etdiyini iddia edib. Onun sözlərinə görə, Osmanlı imperiyasının 400 illik hakimiyyəti başa çatıb, qarşılarında daha güclü İsrail var. Ankarada keçirilən NATO Zirvəsindən sonra ABŞ Prezidenti Donald Tramp ilə Netanyahu arasında telefon danışığı baş tutub. Netanyahu, Türkiyəyə F-35 qırıcılarının satılmasının qarşısını almaq üçün Trampa təzyiq göstərməyə cəhd edib. Trampın NATO sammiti çərçivəsində verdiyi bəyanatlar da böyük rezonans doğurub. ABŞ lideri, Ərdoğanın İsrail ilə müharibəyə girmək istədiyini, lakin bunu əngəllədiyini açıqlayıb. Tel-Əviv və Ankara arasındakı iplər hər keçən gün daha da qopur.
Mövcud gərginliyin tərəflər arasında birbaşa hərbi toqquşma riskini artırmaq ehtimalı varmı?
Politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, İsrailin Türkiyəyə qarşı sərt mövqeyi, iki ölkə arasındakı güc balansının dinamikasından və bölgədəki geosiyasi baxışların fərqliliyindən qaynaqlanan köklü rəqabəti əks etdirir:
"Əslində, mövcud gərginliyin İsrailin ümumi dövlət siyasətindən daha çox, Netanyahunun fərdi yanaşmasından irəli gəldiyini vurğulamaq daha doğru olardı. İsrail regionda hegemonluğunu qorumağa çalışır. Türkiyənin Suriya, İraq və Liviyadakı hərbi mövcudluğu İsrailin "Üstün Hərbi Keyfiyyət" doktrinasına təhdid hesab edilir. Netanyahunun Türkiyənin F-35 proqramına qayıtmasına mane olmaq cəhdləri, İsrailin səmada mütləq üstünlüyünü itirmək qorxusundan irəli gəlir. O, son NATO toplantısında, pərdəarxası oyunlar quraraq hər kəsin diqqətini öz xeyrinə yönəltməyi bacardı. Türkiyənin HƏMAS və digər islamçı hərəkatlara dəstəyinin “neo-Osmançılıq” ideyasına söykəndiyi iddiası İsrailin əsassız qorxusundan başqa bir şey deyil. Onlar Türkiyənin gələcəkdə İranı əvəz edəcək yeni regional güc mərkəzinə çevrilməsindən qorxurlar”.
Politoloqun sözlərinə görə, Təl-Əviv Ərdoğanın regionda artan nüfuzunu İsrailin təhlükəsizliyi üçün birbaşa təhdid görür:
“Tramp isə NATO sammitində Netanyahunun adını tez-tez çəkməklə, əslində onu bu təzyiqlərdən qoruduğunu göstərirdi. Rəsmi Tel-Əvivin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıması, tarixi həqiqətləri üzə çıxarmaq məqsədi daşımır. Bu addım Türkiyəni beynəlxalq arenada küncə sıxışdırmaq, diplomatik cəhətdən təcrid etmək və ictimai rəydə qütbləşməni artırmaq məqsədi daşıyan təxribatçı strategiyadır. Bütün bunlar İsrailin Türk xalqının iradəsi və gücü qarşısında qorxu hissi keçirdiyini göstərir”.
H. Oktay qeyd edib ki, Netanyahunun seçkilərdə qələbə qazanmaq naminə imkanlarını səfərbər etməsi, əslində, öz siyasi tabutuna son mismarı vurmasından başqa bir şey deyil:
“Tel-Əvivin Türkiyənin daxili siyasətinə və “kürd kartı” kimi həssas məsələlərə müdaxilə cəhdləri, Ankaranın regional gücünü sarsıtmağa yönəlmiş hibrid strategiyanın tərkib hissəsidir. Onların əsas hədəfi Türkiyəni xarici müdaxilələrə qarşı daha həssas və qorunmasız vəziyyətə salmaqdır. İki ölkə arasında birbaşa hərbi münaqişə həm böyük maliyyə və insani itkilərə yol açar, həm də regional müstəvidə törədəcəyi dağıdıcı fəsadların miqyasını proqnozlaşdırmağı çətinləşdirər. Buna görə də İsrail Türkiyə ilə birbaşa qarşıdurmaya girmir. Əvəzində, Türkiyənin aktiv olduğu yerlərdə yəni, Suriya və İraqda proksi qruplardan istifadə edir, kiberhücum və diplomatik yollarla Türkiyəni zəiflətməyə çalışır”.
Ekspertin fikrincə, Türkiyənin müdafiə sənayesindəki yerli istehsalı, xüsusilə HİSAR və SİPER hava hücumundan müdafiə sistemləri İsrailin gözünü qorxudur:
“İsrail Türkiyəni hədəf alsa da, Ankaranın hərbi qüdrətinə görə hər hansı hərbi avantüraya girməyə cəsarət etmir. Həm Türkiyənin, həm də İsrailin ABŞ və NATO kimi güclərlə mürəkkəb əlaqələri var. Beynəlxalq bağlılıq hər iki tərəfə müəyyən məhdudiyyətlər qoyur və gərginliyin müharibəyə çevrilməsinin qarşısını alır. Tramp vaxtilə “Ərdoğan İsrailə qarşı müharibədə İrana qoşulacaqdı, bunun qarşısını mən aldım” deyərkən, əslində bir güllə ilə iki dovşan vururdu. O, bu bəyanatla həm Ərdoğana, həm də Netanyahuya açıq şəkildə siyasi mesaj ötürmüşdü”.
H.Oktayın qənaətinə görə, hazırda tərəflər real müharibədən daha çox gərgin siyasi güc mübarizəsi aparırlar:
“Türkiyənin tamamilə müstəqil qərarlar qəbul etməsi və müdafiə sənayesini milliləşdirməsi, Ankaranın İsrailə qarşı ən böyük qalxanına çevrilib. Əslində mövcud gərginlik dövlətlərarası qarşıdurmadan ziyadə, Ərdoğan və Netanyahu arasındakı şəxsi-siyasi çəkişmədir. Əgər Netanyahu oktyabrda keçirləcək seçkilərdə hakimiyyətdən getsə, iki ölkə arasındakı gərginlik nisbətən azala bilər".