Paşinyan ABŞ-dən sülhə inamla qayıdır: İlk addımlar nəticə verir - POLİTOLOQ

Əl sıxmaq regionda real nəticənin göstəricisidir, Cənubi Qafqaz qarşıdurmadan əməkdaşlıq məkanına çevrilir

 “ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəlməzdən öncə hətta seçki kampaniyası dövründə söz vermişdi ki, dünyada gedən müharibələrə son qoyacaq. Bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir, Tramp hakimiyyətə gəldikdən sonra əməli fəaliyyətə başladı. Dünyada davam edən səkkiz münaqişəni diqqətə alsaq, nəticəyönümlü dinamikanın Azərbaycanla Ermənistan arasında müşahidə olunduğunu deyə bilərik”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Vaşinqtonda işgüzar səfərdən qayıdan Ermənistan Baş naziri Nikol Paşinyanın “ABŞ-dən sülhə daha böyük inamla qayıdıram” paylaşımını şərh edən Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib. Ş. Həsənova qeyd edib ki, bu gün artıq de-fakto sülh şəraitində yaşadığımız və sülh mühitinin nə olduğunu öyrəndiyimiz bəllidir:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin sülh sammitinin ilkin iclasına qatılması və toplantıda bir neçə dəfə dövlət başçımıza xitab olunması Azərbaycan Liderinin və bütövlükdə ölkənin beynəlxalq nüfuzundan xəbər verir. Bu, Azərbaycanın beynəlxalq nizamın birbaşa iştirakçısı olduğunu göstərir. Ermənistana təzyiqlər olunur, bu təzyiqlər fonunda rəsmi İrəvan sülh əldə etməyə çalışır. Təzyiqlər hərtərəflidir, əslində bu təzyiqlər sülhün gətirilməsinin qarşısının alınmasına yönəlib. Sülhə təzyiqlər olsa da sülh gələcək, gəlməlidir, alternativ bir fikir, ideyadan söhbət belə gedə bilməz. Paralel olaraq, Nikol Paşinyan qarşıdan gələn seçkilərdə qələbəsini təmin etməyə çalışır. Bu baxımdan verilən bəyanatlar ilkin mərhələdə daha çox daxili auditoriyaya hesablanır. Sosial dayaq, dəstək mütləq lazımdır”. 

Politoloq qeyd edib ki, sülhə doğru irəlilədikcə Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşdığı, bunun da tək təchizatçıdan asılılığı azaltdığı və ölkəyə siyasi manevr imkanları verdiyi məlumdur:

“Nəticə etibarilə, tarixən qarşıdurma regionu olmuş Cənubi Qafqaz iqtisadi əlaqələr və əməkdaşlıq məkanına çevrilir. Sülh şurasının ilk iclasında cənab İlham Əliyevlə Paşinyan arasında ayaqüstü görüşün keçirilməsi, tərəflərin bir-birinin əlini sıxması və səsləndirilən fikirlər sülhə doğru addımlandığını göstərən məqamlar kimi qiymətləndirilməlidir. Ermənistanın daxilindən səsləndirilən bəyanatlar da Konstitusiya dəyişikliyinə doğru gedildiyini göstərir. Qarşıda asan, hamar olmayan, tikanlı, məftilli yol var. Bütün bu amilərin mövcudluğu fonunda cənab Prezident İlham Əliyevi Cənubi Qafqazı rəqabət oxlarından kənar saxlayaraq iqtisadi regiona çevirmək hədəfinə addım-addım yaxınlaşır. Sülh sammiti və buna paralel olaraq təzyiqlər fonunda gəlinən nöqtə ondan xəbər verir ki, real nəticə mövcuddur”. 

Qeyd edək ki, Nikol Paşinyan fevralın 18-19-da ABŞ Prezidenti Donald Trumpın dəvəti ilə Sülh Şurasının ilk iclasında iştirak edib. İclasdan əvvəl Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev və digər xarici ölkə liderləri ilə görüşüb.