Paşinyan Avropaya açıq mesaj verdi
Baş nazir Rusiyadan uzaqlaşmaq istəyir, ancaq Kremldən qorunmasına təminat istəyir
Ermənistanın təhlükəsizlik üzrə müttəfiqləri açıq şəkildə ölkədə demokratik hökuməti devirməyə çağırdılar. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışında deyib. Paşinyan bildirib ki, Ermənistanda demokratiya eyni ssenari üzrə ciddi zərbələr alıb və almaqda davam edir: "Əvvəlcə xarici təcavüz, sonra Ermənistanın müttəfiqlərinin fəaliyyətsizliyi, daha sonra isə hərbi və ya humanitar vəziyyətdən istifadə edərək ölkədə hakimiyyəti devirmək cəhdləri gəlir. Qarabağdan 100 min erməni köçəndə təhlükəsizlik üzrə müttəfiqlərimiz nəinki bizə kömək etdilər, əksinə, Ermənistanda hakimiyyətin dəyişməsi, demokratik rəhbərliyin devrilməsi ilə bağlı ictimai çağırışlar etdilər”, - Paşinyan bildirib. Qeyd edək ki, Nikol Paşinyanın “müttəfiqlərimiz” deyə ümumiləşdirməsində Rusiyanı nəzərdə tutduğu ehtimal edilir.
Bu arada Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib ki, Rusiya Prezidenti V.Putin Ermənistan baş nazirinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla məsələnin “müsbət həlli üçün” bütün imkanları necə məhv etdiyini təfərrüatı ilə izah edərkən Paşinyanı siyasi cəhətdən məhv edib: “Bəli, Rusiya prezidenti və Qərb liderləri hesab edirlər ki, Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla ölümcül səhvə yol verib. Bir daha təkrar edirəm ki, təkcə Rusiya Federasiyasının prezidenti deyil, başqaları da belə düşünür. Yeganə fərq ondan ibarətdir ki, Qərb dövlətlərinin rəhbərləri bu barədə açıq danışmırlar, pərdə arxasında danışırlar. Üstəlik, mən ABŞ, Fransa və digər Avropa ölkələrinin müxtəlif xadimləri ilə tez-tez ünsiyyətdə oluram. Həmin adamlar Ermənistanı ürəkdən dəstəkləyir, bunun üçün nəsə etməyə çalışırlar, lakin rəsmi İrəvanın qərarlarının onları çətin vəziyyətə saldığını etiraf edirlər. Onlar mənə deyirlər ki, heç nə edə bilməzlər, çünki Ermənistanın baş naziri Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Rusiya Prezidenti Vladimir Putinin özü Ermənistanın Baş naziri Nikol Paşinyanı birbaşa tənqid etmir. Bunu dövlət başçısının və Xarici İşlər Nazirliyinin mətbuat katibləri Dmitri Peskov, Mariya Zaxarova və televiziya kanallarına çıxarılan aparıcılar və ekspertlər edirlər: "Nikol Paşinyan anlamamış deyil ki, Rusiyada ona qarşı kampaniya əmrini Putin verib. Əks halda Kremlin nəzarəti altındakı media Paşinyan haqqında aşağılayıcı və təhqir dolu ifadələr işlətməkdə ehtiyatlı olardı. Elə ona görə də Paşinyan Avropa Parlamentində çıxışı zamanı Rusiyanın onu devirmək istədiyinə işarə edib. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da Azərbaycan qarşısında Ermənistana dəstək verməməkdə ittiham edib. Paşinyan Rusiyanı və KTMT-ni açıq tənqid etməklə Avropaya açıq mesaj verib ki, “Rusiyadan uzaqlaşmaq istəyirəm, ancaq bu halda məni Kremldən qoruyun və Ermənistana təhlükəsizlik təminatı verin”. Brüssel sözdə Paşinyana dəstək vədi verəcək, ancaq əməldə bunu edə bilməyəcək".