Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin zəng edəcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinin onunla danışmağa hazır olduğunu açıqlayıb.
Sherg.az xəbər verir ki, Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Rusiyanın “Rossiya” telekanalına müsahibəsində bildirib ki, Putin heç vaxt danışıqlardan imtina etməyib.
Uşakov Zelenskinin Putinlə Moskvada görüşə biləcəyini də qeyd edərək, “Görüşmək istəyirsə, buyurub gələ bilər”, - deyə bildirib.
Zelenskinin zənginə Putinin cavab verib-verməyəcəyi ilə bağlı suala isə Uşakov belə cavab verib: “Düşünürəm ki, cavab verər. Putin heç vaxt görüşməkdən imtina etməyib”.
O, həmçinin Ukrayna böhranının həlli ilə bağlı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqların ilk mərhələsinin ABŞ-la formatda aparılmasını məqsədəuyğun hesab edib.