Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın "Zvartnots" hava limanındakı nəzarət-buraxılış məntəqəsində qeydə alınmış görüntülərinin mediada yayılması ilə bağlı məsələyə münasibət bildirib.
Sherg.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Paşinyan videonun açıq mənbələrə sızdırılması faktı ilə bağlı xidməti araşdırma təyin etmədiyini deyib.
Bundan əvvəl "Ermənistan" fraksiyasının deputatı Geqam Manukyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan ünvanına sorğu göndərərək, MTX-nin sərhəd qoşunlarının "Zvartnots" hava limanındakı nəzarət-buraxılış məntəqəsindəki müşahidə kamerasından əldə olunan görüntülərin Baş nazirin ailəsinə məxsus "Haykakan Jamanak" qəzetinin Telegram kanalında necə yayımlandığına aydınlıq gətirilməsini tələb etmişdi.
Paşinyan bildirib ki, MTX əməkdaşı müəyyən məlumatın ictimaiyyətə açıqlanıb-açıqlanmaması barədə qərar verə bilər.
“MTX əməkdaşı bu və ya digər məlumatın sızdırılmasını təşkil etmək və ya etməmək barədə qərar qəbul edə bilər. Bu, onun sərəncamında olan məlumatdır: istəsə açıqlayar, istəməsə açıqlamaz. Burada problem nədədir? Bununla bağlı səlahiyyəti olan şəxslər belə qərarlar qəbul edə bilərlər”, -deyə Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, yalnız müvafiq səlahiyyətə malik olmayan şəxslər belə qərarlar qəbul etdikdə qanun pozuntusundan söhbət gedə bilər.
Xatırladaq ki, daha əvvəl Robert Köçəryanın ofisi onun Ermənistan hüdudlarından kənara üç günlük səfər planlaşdırdığını açıqlamışdı. Bildirilirdi ki, şəxsi xarakter daşıyan səfər əvvəlcədən nəzərdə tutulsa da, gərgin seçkiqabağı qrafik səbəbindən bir neçə dəfə təxirə salınıb. Sonradan Koçaryanın "Zvartnots" hava limanı vasitəsilə ölkəni tərk etməsinə icazə verilmədiyi məlum olub.