Paşinyan Konstitusiya ilə bağlı şərtini yenə açıqladı: Xalq “yox” desə, istefa verəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsinin bazar ertəsi ictimaiyyətə təqdim olunacağını və xalqa müraciət edəcəyini bildirib.

Sherg.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə çıxışı zamanı danışıb.

Baş nazirin sözlərinə görə, bazar ertəsi Ədliyyə Nazirliyi yeni Konstitusiyanın mətnini dərc edəcək. Bundan sonra o, xalqa müraciət edərək layihə ilə bağlı mövqeyini açıqlayacaq.

Paşinyan referendumun keçirilməsi üçün müxalifətə layihənin lehinə səs verməyi və zəruri olan 6 səsi təmin etməyi təklif edib.

O, referendumda xalqın Konstitusiya layihəsinə qarşı səs verəcəyi və arqumentlərini inandırıcı hesab etməyəcəyi təqdirdə istefa verəcəyini bəyan edib.

Baş nazir əlavə edib ki, xalq layihəni dəstəkləyərsə, növbəti parlament seçkilərində baş nazir postuna namizədliyini irəli sürməməyə hazırdır.

Qeyd edək ki, Paşinyan daha əvvəl də hakimiyyətdən getməsini istəyən müxalifət qüvvələrinə yeni Konstitusiya üzrə referendumun keçirilməsinə razılıq verməyi təklif etmişdi. O, razılıq əldə olunmayacağı təqdirdə növbədənkənar seçkilər keçirəcəyi və müxalifət qüvvələrinin parlamentə düşməməsi üçün siyasi mübarizə aparacağı ilə hədələmişdi.