Ağdam Şəhəri Günü münasibətilə İmarət Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının iştirakı ilə şou proqramı təşkil olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, tədbirdə Ağdam, Xocavənd və Füzuli rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, dövlət rəsmiləri, rayon sakinləri, eləcə də ətraf rayonlardan gələn qonaqlar iştirak ediblər.
Şou proqramı çərçivəsində hərbi orkestrin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqi nömrələri səsləndirilib. Rəqs ansamblının çıxışları, həmçinin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi müxtəlif məharət nümunələri tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Qarabağın milli-mədəni irsini və atçılıq ənənələrini nümayiş etdirən proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
***
11:05
Ağdam Şəhəri Günü münasibətilə şəhərdə keçirilən tədbirlər çərçivəsində Qarabağ atlarının Zəfər yürüşü təşkil olunub.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, Qarabağ atları və atlılar şəhərin küçələrindən keçərək İmarət Kompleksinə doğru yürüş ediblər.
Təntənəli yürüş şəhər sakinləri və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Qarabağ atlarının əzəmətli görünüşü, atlıların qürurlu yürüşü Ağdamda bayram ab-havasını daha da canlandırıb.
Qədim tariximizin, milli-mədəni irsimizin rəmzi olan Qarabağ atlarının doğma Ağdam küçələrində nümayişi Şəhər Gününə xüsusi rəng qatıb.