
Paşinyan "SÜLH QOVUŞAĞI" elan etdi: Mərkəzdə Türkiyə və Azərbaycan yer alıb
“Ümid edirik ki, qarşıdakı aylarda biz Azərbaycanla sülh razılaşmasını imzalayacağıq”
“Ermənistan anlayır ki, layihələrdən kənarda qalsa, blokada növbəti onillər ərzində də davam edəcək” Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində çıxış edərkən Azərbaycanla sülh danışıqlarından və regional əməkdaşlıqdan danışıb. Baş nazir bildirib ki, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyünü qarşılıqlı tanıyıblar. Paşinyan qeyd edib ki, Azərbaycan və Ermənistan Almatı Bəyannaməsini imzalayan 12 ölkə arasında olublar:
"Bu bəyanat imzalayan tərəflər kimi Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, o zaman mövcud olan sərhədlərinin, inzibati sərhədlərini toxunulmazlığını tanıyıb. Bəyanatın imzalanmasından sonra Sovet İttifaqı respublikaları arasındakı inzibati sərhədlər dövlət sərhədlərinə çevrilib. Biz ümid edirik ki, bu prinsiplər əsasında qarşıdakı aylarda biz Azərbaycanla sülh və əlaqələrin bərpası razılaşmaları imzalayacağıq". Paşinyan əlavə edib ki, Cənubi Qafqazın sülhə ehtiyacı var və sülh bütün ölkələrin açıq sərhədlərlə yaşamasıdır: “Bizim hökumətimiz sülh gündəliyinin vacib hissəsi olaraq “Sülh Kəsişmələri” layihəsini təqdim edir. Bu layihənin mahiyyəti yolların, dəmir yollarının, kəmərlərin, kabellərin, eləcə də elektrik xətlərinin yenidənqurması və tikilməsi yolu ilə Ermənistan Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyanı inkişaf etdirməkdir”. Paşinyan Türkiyə ilə sərhədin açılması istiqamətində inkişaf olacağına da ümid edir: “Yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması istiqamətində inkişaf olacağına ümid edirəm. Bu da bütün regiona müsbət stimul verəcək”.
Qeyd edək ki, Ermənistan baş naziri çıxışı zamanı təqdim etdiyi regional nəqliyyat dəhlizləri xəritəsində Azərbaycanın ərazi bütövlüyünə tam riayət edib. Paşinyanın təqdim etdiyi xəritədə Azərbaycan əraziləri tam və keçmiş qondarma quruma məxsus heç bir ad, xəritə və ya toponim istifadə edilmədən göstərilib. Xəritədə, həmçinin Zəngəzur dəhlizi ilə Azərbaycanla dəmir yolu və avtomobil yollarının bərpasının mümkünlüyü və bunun isə Xəzər dənizi ilə Aralıq dənizi arasındakı nəqliyyat əlaqələrini daha da qısaldacağı qeyd edilib.

Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyanın açıqlamaları Ermənistanın qonşu dövlətlərlə normal münasibətlər yaratmasının nə qədər vacib olduğunu ortaya qoyur.
Analitik vurğulayıb ki, gecikmiş bəyanat olsa da, İrəvan hökumətinin etirafı sayıla bilər: "Hiss olunur ki, Ermənistanın gələcəyi və konseptual inkişafla bağlı hökumətin konkret proqramı mövcud deyil. Ümumi anlayışlara görə, region ölkələri ilə iqtisadi əlaqələrin qurulmasının, kommunikasiyaların açılmasının zərurətini müəyyən mənada dərk edirlər. Regiondan min kilometrlərlə kənarda olan, yalnız quru vədlərlə çıxış edən ölkələrin Ermənistanın təhlükəsizliyini təmin etməsi qeyri-realdır. Ermənistanın həmsərhəd olduğu ölkələrlə sülh və təhlükəsizliklə bağlı təminatı, əməkdaşlığı yoxdursa, bunu uzaqdakı ölkə necə təmin edə bilər?! Heç kim Ermənistana qarantiya verməyəcək. Əgər Nikol Paşinyan, həqiqətən də, bu reallığı anlayırsa, şüurlu çıxış edirsə, bu, Ermənistan adına qazancdır. Baş bazir bilməlidir ki, sülh heç vaxt "yol ayrıcı" deyil, sülhün yolu açıq-aydın olmalıdır. Sülhün alternativi isə müharibədir. Əlbəttə, nəqliyyat yolları çox önəmlidir. Zəngəzur dəhlizi Naxçıvandan Türkiyəyə, Qara dənizə, Avropaya, eyni zamanda Aralıq dənizi və Yaxın Şərqə qədər Ermənistana böyük üfiq açacaqdı. Ermənistan tranzit ölkə kimi böyük qazanclar əldə edəcəkdi, yeni maliyyə bazarlarına çıxışı olacaqdı. Uzun müddətdir İrəvana təklif olunan da bu idi. Ermənistan hökuməti 3 il sonra ayılır. Cırtdan Ermənistanın "dənizdən dənizə" xülyası ilə yaşamaqdansa, yeni reallıqlarla barışması və uyğunlaşması ermənilər üçün daha faydalıdır. Yol əməkdaşlıq, əlaqələr, mədəniyyət deməkdir. Regional əməkdaşlıq və əlaqə yoxdursa, inkişaf perspektivi necə ola bilər? İrəvan Parislə hərbi saziş bağlayıb "stəkanda fırtına yaradır". Bəs Fransadan aldığı silahları ölkəyə hansı yolla gətirəcək? Belə bir məsələ yoxdur. Hava nəqliyyatı da problemlidir. Çünki Türkiyə buna imkan verməyəcək. İndiki halda Gürcüstanın da buna gedəcəyi inandırıcı deyil. İranın son günlər atdığı addımlar, "3+3" formatına maraq göstərməsi də göstərir ki, Tehran rəsmi Bakını qarşısına almayacaq".
Analitik vurğulayıb ki, Zəngəzur dəhlizi də bizim üçün olmazsa-olmaz məsələ deyil:
"Azərbaycan Naxçıvan və Türkiyəyə kommunikasiya problemini İran vasitəsilə həll edib və bu yollar işlək olacaq. Ermənistan üçün qatar getməkdədir. Qaçıb özünü qatara yetirəcək tərəf Azərbaycan deyil. Ermənistan yeni-yeni anlayır ki, İrəvan bu layihədən də kənarda qalsa, blokada növbəti onillər ərzində də davam edəcək. Fransa kimi ölkələr Ermənistana heç nə verə bilməyəcək. Ermənistan bir tərəfdən Rusiya ilə gərginlik yaşayır. Türkiyə və Azərbaycanla da münasibətlər bəllidir. Ermənistanın İran və Gürcüstanla sərhədlərində də Azərbaycan türkləri yaşayır. Ermənistanın gələcəyi Rusiya və İrandan yox, Azərbaycan və Türkiyə ilə normal münasibətdən keçir. İrəvan Bakı və Ankara ilə dost olmaqla özünün bütün təhlükəsizlik problemlərini həll etmiş olar. "Bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib" ifadəsi Nikol Paşinyana mesajdır ki, qatar artıq tərpənib. Məhz ona görə Ermənistan baş naziri güzəştli notlar üzərində danışmağa başlayıb".
N.Miri əlavə edib ki, Azərbaycanın Naxçıvan və Türkiyə ilə kommunikasiyası artıq müəyyənləşib, mexanizm İran üzərindən işləyəcək:
"Tranzit ölkə kimi qazanacaq tərəf İran olacaq. Məsələ ondadır ki, İran ilk başda bu prosesə dağıdıcı ünsür kimi qatılmışdı və "3+3" platformasını qəbul etmirdi. Reallığı sonradan qəbul etdilər. Ermənistan düşünsün! Düşdükləri vəziyyətə görə günah özlərindədir. İrəvan hökuməti Qərb güclərini regiona, Ermənistana dəvət etməklə Rusiya və İranın geosiyasi maraqları üçün ciddi təhlükələr yaratdılar. Tehran anladı ki, Ermənistan o qədər də güvəniləcək ölkə deyil. Perspektiv haqqında danışmaq hələ tezdir, amma Rusiya və İranın bu məsələdə nə qədər maraqlı olduğu ortaya çıxdı".
Siyasi şərhçi Paşinyanın "sülh müqaviləsinin qarşıdakı aylarda imzalanması mümkündür" ifadəsini də şərh edib: "İlin sonunadək sülh müqaviləsinin sadəcə çərçivə sazişi imzalana bilər. Bu da sülhün dərhal əldə olunması anlamına gəlmir. Çərçivə sazişi münaqişəni bitirməyəcək. Digər məsələlərin razılaşdırılması üçün zamana ehtiyac var. Ona görə də "Papadan artıq katolik olmağa" ehtiyac yoxdur".