Qazaxıstandakı hadisələrdən sonra Ermənistan hökumətinin gözü qorxub
Ermənistan siyasi arenası, hökümətlə, müxalif qüvvələr arasında mübarizə meydanına çevirilib. Bir zamanlar Rusiya ilə qardaşlıq prinsipinə əsaslanan Paşinyan komandası, indi ondan uzaqlaşmağı ölkənin tərəqqisi üçün əsas meyar kimi görür. Lakin bunu reallaşdırmaq üçün Paşinyan hökümətinin qarşısında “mübarizə koalisiya”sı var. İyunun 7-də ölkədə keçiriləcək parlament seçkilərində, Baş nazirin əsas rəqibləri revanşist mövqeyi ilə tanınan Köçəryan və Ermənistan Milli Konqresinin təmsilçisi Karapetyandır. 44 günlük müharibədən sonra Ermənistan cəmiyyətində yaranan təhlükəsizlik narahatlıqları, Paşinyan komandasına olan etimadı sarsıdıb. Ona görə də baş nazir, Ermənistan küçələrində gəzməklə seçicilərin səsini toplamağa çalışır. Lakin onu qorxuya salan digər məqamlardan biri də, ölkə daxilində rusmeyilli qüvvələrin parlament seçkilərinə mümkün müdaxiləsidir. Məhz buna görə Avropa İttifaqının xüsusi çevik reaksiya qrupunun Ermənistana göndərilməsi planlaşdırılır. Qrup qanunsuz seçki maliyyələşdirilməsi hallarının aşkarlanmasında aidiyyəti orqanlara kömək etməklə yanaşı, seçki proseslərinə xarici müdaxilələr barədə ictimaiyyəti məlumatlandıracaq.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı Sherg.az-a bildirib ki, Ermənistanın dövlət kimi formalaşmasında Rusiya faktoru mühüm rol oynayıb:
“Ona görə də Ermənistanın siyasi elitasında kifayət qədər rusmeyilli qüvvələr var. Eyni zamanda, ölkə iqtisadiyyatına investisiya yatıran şirkətlərin və vəzifəli şəxslərin çoxu ruslar və rus əsilli ermənilərdir. Məhz buna görə Paşinyan, seçkilərdə xarici müdaxilə ehtimalından qorxur. Rusiyanın Ermənistana birbaşa dövlət səviyyəsində müdaxilə etmə riski yüksək səviyyədədir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Xatırlayırsınızsa, 2022-ci ildə Qazaxıstanda kütləvi etirazların qarşısını ala bilməyən hökumət KTMT-dən Rusiya və digər qüvvələri çağırmağa məcbur qalmışdı. Bu da bəzi dairələrdə Qazaxıstanın suverenliyinin riskə düşməsi kimi qiymətləndirildi”.
Analitikin sözlərinə görə, Qazaxıstandakı hadisələrdən sonra Ermənistan hökumətinin gözü qorxub:
“Ermənistan rəsmiləri yaxşı anlayır ki, KTMT-də iştirak dayandırılsa da, ölkə hələ də təşkilata üzvdür. Moskva istəsə, hər hansı hadisəni bəhanə etməklə Ermənistanda Rusiya hərbi qüvvələrinə məxsus “Gümrü hərbi bazası”nı işə sala bilər. Digər senari kimi, KTMT sülhməramlı qüvvələri adı altında Ermənistana daxil ola bilər. Başqa bir variant kimi, Moskva ilə İrəvan arasında imzalanmış ikitərəfli müqavilələrə əsasən Ermənistanın təhlükəsizliyi və müdafiəsi məsələsinin Rusiyanın məsuliyyətinə aid olduğu da vurğulanar. Bütün bunlar Ermənistan hökumətinin ciddi təhlükə altında olduğunu göstərir”.
H. Səhrablı qeyd edib ki, Paşinyan komandası Rusiyanın təxribatçı addımlarının qarşısını almağa çalışır:
“Bunun üçün həm Avropa İttifaqı, həm də Ermənistanın dövlət resursları çərçivəsində qabaqlayıcı tədbirlər hazırlanır. Hazırkı vəziyyətdə Ermənistana 200 illik münaqişəyə son qoyacaq və şovinizmdən uzaqlaşdıra biləcək siyasi lider və ya qüvvə lazımdır. Görünən odur ki, bu rolu yalnız Paşinyan üzərinə götürə bilər. Ermənistan xalqı vəziyyətin reallığını dərk edərək, revanşistlərin arxasınca getmək əvəzinə, ölkəni aydınlığa aparan siyasi qüvvəni dəstəkəməlidir”.