Peskov: Müharibə bu gün başa çata bilər, top Kiyevdədir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kiyev lazımi qərarlar qəbul edərsə, Ukraynadakı hərbi əməliyyatlar bu günün sonunadək dayandırıla bilər.

Şərq.az xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi iki il əvvəl münaqişənin dayandırılması üçün şərtləri açıqlayıb və həmin şərtlər dəyişməz olaraq qalır.

“Onlar aydın və ardıcıldır. Kiyev rejimi müvafiq qərarlar qəbul edərsə, bütün bunlar bu günün sonunadək dayana bilər”, - deyə Kremlin sözçüsü vurğulayıb.

O əlavə edib ki, hazırda Kiyevdən səslənən bəyanatlar fonunda münaqişənin dondurulması və ya hərbi əməliyyatların başa çatdırılması mümkün görünmür. Peskov qeyd edib ki, Rusiya üçün əsas məqsəd xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyulan hədəflərə nail olmaqdır.

Kremlin sözçüsü, həmçinin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ukrayna münaqişəsinin dondurulması ilə bağlı təklifinə münasibət bildirib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Tokayevlə söhbətində xüsusi hərbi əməliyyatın gedişi barədə ətraflı məlumat verib.