- Rusiya Ermənistanla gərginlik fonunda regional siyasətində yaranan boşluğu Azərbaycanla əlaqələri normallaşdırmaq və dialoqu gücləndirməklə kompensasiya etməyə çalışır”
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Tərəflər ikitərəfli münasibətlərdə yaranmış iqtisadi məsələləri müzakirə ediblər. Ermənistan hökumətinin məlumatına görə, söhbət zamanı iki ölkə arasında iqtisadi əlaqələrdə yaranmış problemlər, o cümlədən Ermənistan məhsullarının Rusiyaya ixracı ilə bağlı məhdudiyyətlər müzakirə olunub. Kremlin açıqlamasında isə Vladimir Putinin Ermənistanın Avropa İttifaqına üzvlük perspektivi və Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalması məsələsi ilə bağlı ölkədə ümumxalq referendumunun keçirilməsinin vacibliyini vurğuladığı bildirilib. Nikol Paşinyan isə qeyd edib ki, Ermənistanın Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət etməsindən sonra referendumun keçirilməsi mümkün ola bilər.
Ekspertlərin fikrincə Moskva-İrəvan münasibətlərində əsas fikir ayrılığı artıq təkcə iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyır. Yəni Rusiyanın Ermənistanın Aİ-yə inteqrasiya planlarını yenidən gündəmə gətirməsi və iqtisadi məhdudiyyətləri aradan qaldırmaması Kremlin İrəvana təsir imkanlarını qorumağa çalışdığını göstərir. Bunun fonunda iki ölkə arasında fikir ayrılıqlarının daha da dərinləşməsi istisna edilmir.
Sherg.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı Vladimir Putinin Prezident İlham Əliyevə telefon zəngini Nikol Paşinyanla apardığı danışıq kontekstində qiymətləndirməyin daha məqsədəuyğun olduğunu deyib. Onun fikrincə, burada söhbət nə Moskvanın Bakı-İrəvan münasibətlərində vasitəçilik rolunu gücləndirmək cəhdindən, nə də Kremlin zəng diplomatiyasında formal balans yaratmaq istəyindən gedir: 
“Əsas məsələ Rusiyanın Cənubi Qafqaz siyasətində mövcud vəziyyətə uyğun taktiki manevrlər etməsidir ki, bunu son telefon təmaslarının ardıcıllığında da müşahidə etmək mümkündür. Moskva-İrəvan xəttində baş tutan telefon danışığı Paşinyanın təşəbbüsü ilə reallaşıb. Ermənistanın baş naziri ilk növbədə ölkə məhsullarının Rusiyaya ixracına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını istəyib. Kreml isə öz növbəsində İrəvandan Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında strateji seçimini sürətləndirməsini tələb edib”.
Asif Nərimanlının fikrincə, bu danışıq iki mühüm nəticəni ortaya qoyur:
“Birincisi, Moskva ilə İrəvanın münasibətlərə dair gündəliyi və prioritetləri artıq ciddi şəkildə fərqlənir. İkincisi isə Rusiya Ermənistana qarşı istifadə etdiyi iqtisadi rıçaqlardan geri çəkilmək niyyətində deyil. Əksinə, Moskva Brüsselin İrəvan üçün hələlik real iqtisadi alternativ formalaşdıra bilməməsini öz təzyiq siyasətini davam etdirmək üçün əlverişli imkan kimi dəyərləndirir”.
Siyasi şərhçinin diqqət çəkdiyi digər mühüm məqam isə Ermənistanda keçirilən seçkilərdən sonra Putinlə Paşinyan arasında baş tutan ilk telefon danışığında Rusiya prezidentinin erməni baş nazirini seçki münasibətilə təbrik etməməsidir. Onun sözlərinə görə, bu detal Moskva-İrəvan münasibətlərində gərginliyin hələ də davam etdiyini, hətta dərinləşə biləcəyini göstərən siyasi siqnal kimi qiymətləndirilə bilər: “Paşinyanla danışıqdan cəmi bir gün sonra Putinin Prezident İlham Əliyevə zəng etməsi də təsadüfi deyil. Rusiya Ermənistanla münasibətlərdə yaşanan gərginlik fonunda regional siyasətində yaranan boşluğu Azərbaycanla əlaqələri normallaşdırmaq və dialoqu gücləndirməklə kompensasiya etməyə çalışır”.