Putin: Silahlı münaqişələrin təhrik edilməsini dünya praktikasından çıxarmaq lazımdır

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər silahlı münaqişələrin hər hansı formada təhrik edilməsini dünya praktikasından çıxarmaq üçün bütün zəruri tədbirləri görməlidirlər.

Sherg.az xəbər verir ki, Rusiya lideri ŞƏT-ə üzv dövlətlərin başçıları Şurasının iclasında çıxışı zamanı bildirib ki, ŞƏT hazırda təkcə ümumi Avrasiya qitəsində deyil, bütövlükdə dünyada ən böyük regional birlikdir.

Putinin sözlərinə görə, təşkilat 25 il ərzində böyük inkişaf yolu keçərək çoxqütblü dünyanın nüfuzlu mərkəzlərindən birinə çevrilib. O əlavə edib ki, ŞƏT-ə üzv ölkələrdə dünya əhalisinin təxminən yarısı yaşayır.

Rusiya Prezidenti qeyd edib ki, ŞƏT ölkələri arasında ticarətin gücləndirilməsi təşkilatın qarşısında duran əsas vəzifələrdən biridir. Onun sözlərinə görə, ŞƏT ölkələri ticarət əməliyyatlarında milli valyutalardan getdikcə daha fəal istifadə edirlər və Rusiyanın təşkilata üzv tərəfdaşları ilə hesablaşmalarında milli valyutaların payı 98 faizdən çoxdur.

Putin, həmçinin ŞƏT ölkələrini enerji sahəsində əlaqələndirilmiş fəaliyyətlərini davam etdirməyə çağırıb.