- Yücel Karauz: Qafqazdan Cənubi Asiyaya yeni təhlükəsizlik arxitekturası qurulur
İran prezidenti Məsud Pezeşkianın Pakistana, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana, Türkiyənin xarici işlər naziri Hakan Fidanın isə Rusiyaya səfəri regionda diqqət çəkən diplomatik hadisələr sırasında yer alır. Səfərlərin eyni zaman kəsiyində baş verməsi və müxtəlif güc mərkəzlərini əhatə etməsi daha geniş geosiyasi mənzərənin formalaşdığını göstərir.
Xüsusilə İran ətrafında yaşanan son hərbi-siyasi gərginliklərdən sonra region ölkələrinin təhlükəsizlik, enerji, nəqliyyat və siyasi koordinasiya məsələlərinə daha çox diqqət ayırdığı müşahidə olunur.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a bu diplomatik təmasların təsadüfi olmadığını bildirib:
"Bu üç səfər ayrı-ayrılıqda qiymətləndirildikdə adi diplomatik fəaliyyət kimi görünə bilər. Lakin bu səfərlərin eyni zaman kəsiyində və fərqli güc mərkəzlərinə yönəlməsi diqqət çəkir. Bu vəziyyət İranın müharibədən sonrakı dövrdə çoxşaxəli diplomatik tarazlaşdırma siyasəti həyata keçirdiyini düşündürür. Mövcud açıq mənbə məlumatları da bu təmasların regional təhlükəsizlik və siyasi koordinasiya məqsədi daşıdığına işarə edir.
Mən bunu beş başlıq altında qiymətləndirirəm.
Birincisi, İran ətrafındakı təhlükəsizlik qurşağını yenidən formalaşdırır. Məsud Pezeşkianın Pakistana səfəri şərq sərhədini təhlükəsizlik baxımından möhkəmləndirmək məqsədi daşıyır. Pakistan həm nüvə dövləti olması, həm də Əfqanıstan-İran sərhədindəki təhlükəsizlik məsələləri baxımından Tehran üçün mühüm tərəfdaşdır. Bundan əlavə, İran İslam dünyasında təcrid olunmadığını nümayiş etdirmək istəyir".
Analitik mövzunu Azərbaycan və Türkiyəyə kontekstindən də dəyərləndirib:
"İkincisi, Azərbaycan istiqamətində yeni normallaşma axtarışı müşahidə oluna bilər. Məhəmməd Baqir Qalibafın Azərbaycana səfəri xüsusilə diqqət çəkir. Son aylarda iki ölkə arasında ciddi etimad böhranı yaşanıb. Buna baxmayaraq, enerji, nəqliyyat dəhlizləri və sərhəd təhlükəsizliyi baxımından münasibətlərin tamamilə qırılması heç bir tərəfin maraqlarına uyğun deyil. Bu səfər böhranın idarə olunması və etimadın artırılması istiqamətində mesajlar daşayır.
Üçüncüsü, Türkiyə-Rusiya xəttində yeni təhlükəsizlik koordinasiyası ehtimalı mövcuddur. Hakan Fidanın Rusiyaya səfəri yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilməməlidir. Gündəmdə böyük ehtimalla İrandakı son hadisələr, Suriya, Cənubi Qafqaz, Qara dəniz, enerji təhlükəsizliyi, taxıl və nəqliyyat dəhlizləri yer alır. Ankara ilə Moskvanın böhranların idarə olunması məsələsində kommunikasiya kanallarını açıq saxladığı görünür".
General qeyd edib ki, dördüncü istiqamət olaraq regional bloklaşmadan daha çox koordinasiya diplomatiyası ön plana çıxır:
"Maraqlı məqam ondan ibarətdir ki, İran-Pakistan, İran-Azərbaycan və Türkiyə-Rusiya təmasları əslində eyni geosiyasi xətti əhatə edir. Bu, Qafqaz- Xəzər-Mərkəzi Asiya və Cənubi Asiya xəttidir. Bu da hərbi qarşıdurmadan sonra yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmağa çalışıldığı təəssüratı yaradır.
Beşincisi və ən mühüm mövzu nəqliyyat və enerji dəhlizləridir. Bu səfərlərdə aşağıdakı məsələlərin müzakirə olunması ehtimalı yüksəkdir: Şimal-Cənub Nəqliyyat Dəhlizi, Zəngəzur dəhlizi, Xəzər üzərindən ticarət marşrutları, təbii qaz və neft ixracı, sanksiyalar şəraitində maliyyə əməkdaşlığı, sərhəd təhlükəsizliyi, terrorizmlə mübarizə və kəşfiyyat məlumatlarının paylaşılması.
Bunun Türkiyə baxımından da əhəmiyyəti var. Burada Ankaranın əsas prioritetləri İran daxilində sabitliyin qorunması, Azərbaycanla İran arasında yeni böhranın yaranmasının qarşısının alınması, Rusiya ilə əlaqə kanallarının açıq saxlanılması, Cənubi Qafqazda yeni qarşıdurmanın önlənməsi, enerji və ticarət dəhlizlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi olduğu ehtimal edilir".
Yücel Karauz vurğulayıb ki, bu üç səfər bir-birindən müstəqil proseslər deyil:
"Onlar İran mərkəzli böhrandan sonra formalaşan yeni regional tarazlığın qurulmasına yönəlmiş eyni vaxtlı diplomatik təmaslardır. Bu proseslər hərbi gərginlikdən daha çox diplomatik və iqtisadi sabitlik axtarışının ön plana çıxdığını göstərir. Mövcud məlumatlar əsasında bunlarla yeni bir ittifaqın yaradıldığını söyləmək üçün kifayət qədər sübut yoxdur. Lakin böhranların idarə olunması və regional koordinasiya səylərinin intensivləşdiyi açıq şəkildə müşahidə olunur".