Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır

İspaniyanın Şimali Afrikadakı Seuta şəhərində yaranan miqrant böhranı ölkədə yeni siyasi müzakirələrə səbəb olub. Bəzi siyasətçilər, jurnalistlər və ekspertlər miqrasiya təzyiqinin arxasında İsrailin ola biləcəyi ilə bağlı diqqətçəkən iddialar irəli sürüblər.

Sherg.az xəbər verir ki, mübahisələr İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danonun sosial şəbəkədə paylaşdığı açıqlamadan sonra başlayıb. Danon İsraili davamlı tənqid edən İspaniyanın Seutada fövqəladə vəziyyət elan etməsini xatırladaraq, Madridi miqrasiya siyasətinə görə tənqid edib. O, həmçinin İspaniyanın Şimali Afrikadakı Seuta və Melilya anklavlarının statusunu gündəmə gətirərək, Madridi "Afrikadakı müstəmləkə əraziləri" ilə bağlı dünyaya izahat verməyə çağırıb.

Danonun paylaşımına cavab verən İspaniyanın nəqliyyat naziri Oskar Puente "Deyəsən, hər şey getdikcə daha aydın olur" sözlərini yazıb. Nazir fikrini geniş izah etməsə də, bu paylaşım İsrailin miqrant böhranı ilə əlaqələndirilməsi barədə müzakirələri daha da gücləndirib.

İspaniyalı siyasi şərhçi Karolina Alonso İsrailin Qəzza müharibəsinə görə sərt mövqe tutan Pedro Sançes hökumətini zəiflətməyə çalışdığını iddia edib. Onun fikrincə, Mərakeş üzərindən yaranan miqrasiya təzyiqi İsrailin dəstəyi ilə həyata keçirilir. Alonso eyni zamanda Avropa və İspaniyadakı ifrat sağçı qüvvələri də bu prosesdə ittiham edib.

Mövzu parlamentdə də müzakirə olunub. Kataloniya Respublika Sol Partiyasının (ERC) parlamentdəki nümayəndəsi Qabriel Rufian sosial şəbəkədə böhranın ABŞ və İsrailin maraqlarına xidmət etdiyini iddia edən paylaşımları bölüşərək, miqrasiya məsələsinin siyasi qarşıdurma alətinə çevrilməməsinə çağırış edib.

Jurnalist Xose Vizner isə İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun 2019-cu ildə Seuta və Melilya ilə bağlı paylaşımını xatırladaraq, bugünkü miqrant axınının İspaniyanın Qəzza siyasətinə görə "intiqam" olub-olmadığını sual edib. Digər şərhçi Ruben Gisbert də Mərakeşin Seuta və Melilyaya təzyiqinin Pedro Sançes hakimiyyətə gəldikdən və İsraili daha sərt tənqid etməyə başladıqdan sonra artdığını iddia edib.

Qeyd edək ki, İsrail ilə İspaniya arasında münasibətlər 2023-cü ildən Qəzza müharibəsi fonunda ciddi şəkildə pisləşib. İspaniya Avropada İsraili ən sərt tənqid edən ölkələrdən biri olub, 2024-cü ildə Fələstin dövlətini rəsmən tanıyıb və Qəzzada dərhal atəşkəs elan olunmasına dair çağırışlar edib.