Ramiz Mehdiyev olayı ilə verilən mesaj budur: "Heç nə unudulmur, amma hər şeyin bir zamanı var"

“Müəyyən fiqurların vaxtında susdurulması yox, nəzarətdə saxlanılması daha böyük strateji hədəflər üçün lazım ola bilər”
Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyev "dövlətə xəyanət", hakimiyyət çevrilişi" ittihamları ilə həbs olunması geniş müzakirə olunur. Hadisə Azərbaycan ictimaiyyətində, həmçinin qonşu ölkələrdə ciddi rezonansa səbəb olub.
Əslində, Ramiz Mehdiyevin kim olduğu və nə etdiyini illərdir hər kəs çox yaxşı bilirdi. Ümumiyyətlə, Mehdiyev kimi insanlar hər ölkədə var. Onlar uzun illər yüksək postlarda çalışır, böyük təsirə malik olur, bəzən kölgədə qalaraq dövlətin strateji istiqamətlərinə yön verirlər. Üstəlik, əksər hallarda hər bir ölkənin xüsusi xidmət orqanları, dövlət başçıları belə şəxslərin kimliyinin, hansı dairələrə işlədiyinin, arxasındakı gücün və nələr edə biləcəyinin fərqində olurlar. Əsas məsələ bu şəxslərin fəaliyyətinə müəyyən vaxta qədər icazə verilməsidir. Yəqin ki, bunun da həm obyektiv, həm də subyektiv səbəbi olur.
Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, məsələ təkcə Ramiz Mehdiyev və ya onun həbsi deyil. Başa düşmək lazımdır ki, dövlətlərin strukturları bir canlı orqanizm kimidir. Yəni öz içində balanslar, ziddiyyətlər, maraqlar toqquşur: 
"Bəzi fiqurlar nə qədər problemli olsa da, sistemin müəyyən mərhələsində faydalı ola bilər. Onlar informasiyaya nəzarət edir, potensial təhlükələri yönləndirir, yaxud xarici və daxili təhdidlərə qarşı "istifadə edilə bilən fiqur" kimi saxlanılırlar.
Bəzən onlar vasitəsilə daha böyük güclərlə danışıqlar aparılır və ya daxili mübarizələrdə balans qorunur. Digər tərəfdən, bu şəxslərin vəzifədə uzunömürlü olmasının səbəbi dövlətin gənc və lazımi təcrübəyə hələ yiyələnməməsi ilə bağlıdır. Bəzən sistem daxilində hər kəs hər şeyi bilir, amma heç kim təkbaşına bir addım atmır. Çünki nəticədə ortaya çıxacaq xaosun idarə edilə bilməyəcəyi təhlükəsinin yaranma ehtimalı var. Belə şəxslərin "toxunulmaz" kimi görünməsi də məhz buradan qaynaqlanır. Amma zamanla siyasi mühit, cəmiyyətin təzyiqi, beynəlxalq münasibətlər, elə liderlərin öz mövqeləri də dəyişir". 
T.Rzayev hesab edir ki, əvvəllər strateji sayılan fiqurlar bir anda yükə çevrilə bilər:
 "O zaman isə ya "sıradan çıxarılır", ya da onları himayə edən dövlətlərə siyasi mesaj kimi istifadə olunurlar. Dünyanın bir çox ölkəsində belə şəxslər, təsir qrupları, beşinci kolonlar, agentlər mövcuddur. Güclü xüsusi xidmət orqanları, mərkəzləşmiş hakimiyyətlər və ya xarizmatik liderlər də bunu bilir, onları dövlət maraqları naminə idarə edirlər. Hətta ABŞ, Çin, Rusiya kimi ölkələrdə belə bu cür şəxslər olur. Bu yanaşma göstərir ki, müəyyən fiqurların vaxtında susdurulması yox, nəzarətdə saxlanılması daha böyük strateji hədəflər üçün lazım ola bilər. Fikrimcə, indiki məqamda Ramiz Mehdiyev olayı ilə verilən mesaj budur: "Heç nə unudulmur, amma hər şeyin bir zamanı var!". 
Tanınmış araşdırmaçı-jurnalist Bəybala Mirzəyev isə deyib ki, Ramiz Mehdiyevin dövlətə xəyanətdə ittiham olunması təəssüf ki, çox gec baş verdi. Necə deyərlər, ədalət çox gecikdi:
 "R.Mehdiyev, həmçinin hakimiyyət çevrilişinə cəhddə də ittiham olunur. Eləcə də külli miqdarda vəsaitin mənimsənilməsi və digər maddələr üzrə təqsirləndirilir. Şübhəsiz, o, bu boyda genişmiqyaslı gizli işlərlə tək məşğul olmayıb. Bu adam bu işlərlə komanda formasında, çətə və ya şəbəkə şəklində məşğul olub, "piramida"nın başında dayanıb. Başqa sözlə desək, Ramiz Mehdiyev bir növ "dövlət içində dövlət" qurmuşdu. FETÖ kimi onun da adamları hər yerə sızmışdı. Nazirliklərdə, parlamentdə, icra hakimiyyətlərində, siyasi partiyalarda, mediada, QHT sektorunda, biznes sahəsində və Elmlər Akademiyası sistemində - bir sözlə, hər yerdə R.Mehdiyevin adamları vardı və elə indi də var. Həm hakimiyyət daxilində, həm də müxalifət düşərgəsində öz şəbəkəsini formalaşdıran belə bir "akula"nın bir gün hakimiyyət eşqinə düşməsi və millətə zərər verməsi əsla təəccüblü deyil. Ən pisi də budur ki, bu "akula"lar hakimiyyətin öz içindən çıxıb. Yəni ki, Ramiz Mehdiyev tək deyil. Əli həsənovlar, nəcməddin sadıqovlar, vasif talıbovlar, eldar mahmudovlar və digərləri də uzun illər ərzində dövlətə və millətə pislik ediblər. Ümumiyyətlə, sabiq məmurlar arasında bu cür "akula"lar çoxdur. Elə indiki məmurlar arasında da Ramiz Mehdiyev tipli "boz kardinal"lara rast gəlmək mümkündür. Ancaq bütün sahələr bu zərərvericilərdən və mafiozlardan tezliklə təmizlənməlidir ki, dövlət və millət də rahat nəfəs alsın. Bu cür təmizləmələr, "sanitariya" işləri dövlətin təhlükəsizliyi və millətin işıqlı gələcəyi üçün çox vacibdir".