Rəsmi Bakı: Rusiya XİN-in sülh prosesini şərh edən bəyanatı məyusluq doğurur
19:55 15.07.2023
Gündəm
473
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli bəyanatı və sülh prosesini şərh edən 15 iyul 2023-cü il tarixli bəyanatı anlaşılmazlıq və məyusluq doğurur.
Sherg.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir.
Xatırlatmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir. Hal-hazırda da Azərbaycan tərəfi sülh müqaviləsinin irəlilədilməsi istiqamətində əməli addımlar atır.
Ölkəmiz həmçinin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirib.
Buna baxmayaraq, sözügedən üçtərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib.
Uzun müddət ərzində Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətə, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib.
Azərbaycan tərəfi ölkə ərazisində baş verən bu qanuna zidd fəaliyyətlərin qarşısının alınması, şəffaflığın təmin olunması məqsədilə, Azərbaycan qanunvericiliyinə və beynəlxalq qaydalara uyğun olaraq yaradılmış Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Bu məntəqədən son bir neçə ay ərzində yüzlərlə erməni sakinlərin tənzimlənən və şəffaf şəkildə keçidi təmin olunub. Buna baxmayaraq, Ermənistan tərəfi yenə də Azərbaycan əleyhinə hərbi təxribatlarından əl çəkməyərək, 15 iyun tarixində məntəqəni atəşə tutub və iyul ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılığa cəhd göstərib. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni sakinlərin keçidi üçün yenə də şərait yaradıb və Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması imkanlarının mövcud olduğunu bildirib.
Bu kontekstdə, Azərbaycanın suveren hüququ olan Laçın sərhəd keçid məntəqəsi yaradılması məsələsinin siyasiləşdirilməsi cəhdləri və bölgədə guya gərgin humanitar vəziyyət yarandığı barədə iddialar səsləndirilməsinin heç bir əsasının olmadığı hər kəsə bəllidir.
Qeyd edilənlərə baxmayaraq, məhz Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir.
Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur.
Azərbaycan bölgədə sülh və əmin-amanlığın təmin edilməsində maraqlıdır və bu istiqamətdə səylərini bundan sonra da davam etdirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya