Münhendən verilən mesajın qayəsi budur ki, ABŞ və Avropa eyni strateji xəttdə qalmalıdır
Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, Avropa İttifaqının ayrıca vahid ordusunun yaradılması məsələsi real görünmür.
Kallasın sözlərinə görə, artıq NATO çərçivəsində mövcud olan hərbi strukturlara əlavə olaraq ayrıca Avropa ordusunun yaradılması məqsədəuyğun deyil.
“NATO-ya daxil olan mövcud struktura əlavə ayrıca ordu yaratmaq... Mən düşünmürəm... gəlin vaxtımızı bu cür müzakirələrə sərf etməyək”,-deyə o bildirib.
Kallas qeyd edib ki, Aİ-yə üzv dövlətlər Ukraynanın ittifaqa qəbulunun dəqiq tarixini açıqlamağa hazır deyillər.
Politoloq Yusif Bağırzadə Sherg.az-a bildirib ki, müəyyən dövrlərdə Avropa İttifaqına üzv dövlətlər-əvvəlcə Fransa, daha sonra Almaniya xüsusilə Emmanuel Makronun dövründə Avropa ordusunun yaradılması ilə bağlı müzakirələr aparılıblar:
"Lakin son dövrlərdə Avropa Komissiyasının yüksək vəzifəli nümayəndəsi Kaya Kallas bildirdi ki, hazırkı mərhələdə ayrıca Avropa təhlükəsizlik qurumunun və ya ordusunun yaradılması Avropanın maraqlarına tam uyğun deyil.
Bu məsələ xüsusilə 2025-ci ildə keçirilən Münhen Təhlükəsizlik Konfransının 61-ci sessiyasında ABŞ-nin vitse-prezidentinin çıxışından sonra daha da aktuallaşdı. Həmin çıxış kifayət qədər sərt idi. Bu, NATO-nun gələcəyi ilə bağlı müəyyən suallar yaratdı. Hətta bəzi fikirlər NATO daxilində parçalanma ehtimalı ilə bağlı müzakirələrə səbəb oldu".
Ekspert 62-ci Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi Marko Rubionun fərqli mövqe sərgilədiyini söyləyib:
"Rubio vurğuladı ki, ABŞ və Avropanın yəni “köhnə dünya” ilə Amerikanın maraqları eyni strateji çərçivədə qalmalıdır. Bununla yanaşı, Avropanın öz təhlükəsizliyi ilə bağlı daha çox məsuliyyət və öhdəlik götürməsinin vacibliyini qeyd etdi.
Qeyd etmək lazımdır ki, Marko Rubio senator olduğu dövrdə ABŞ-nin NATO-dan çıxmasının qarşısını alan qanun təşəbbüsünün müəlliflərindən biri olub. Bu baxımdan o, ənənəvi olaraq transatlantik əməkdaşlığın tərəfdarı kimi tanınır. Hazırda isə dövlət katibi kimi yeni administrasiyanın siyasətini təmsil etsə də, NATO çərçivəsində ABŞ və Avropanın birlikdə qalmasının vacibliyini müdafiə edir.
Məhz bu çıxışdan sonra Kaya Kallas qeyd etdi ki, Avropa ordusunun yaradılması üçün hələ tezdir.
Digər tərəfdən, o bildirdi ki, Ukraynanın Avropa İttifaqına qəbulu məsələsi də hələ müəyyən zaman tələb edir".
Politoloq Ukrayna rəhbərliyi ilə görüşlərdə üç əsas məsələnin müzakirə olunduğunu qeyd edib:
"Birinci məsələ Rusiyaya qarşı 20-ci sanksiya paketinin sərtləşdirilməsi və qəbul edilməsi idi. Bu paket müəyyən müddətə təxirə salınmışdı. ABŞ ilə koordinasiya məsələsi ön planda idi. Yaxın günlərdə bunun yenidən gündəmə gələcəyi gözlənilir. İkincisi, Ukraynanın təhlükəsizlik təminatlarıdır. Üçüncü məsələ isə Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsidir.
Rəsmi Kiyevin təhlükəsizliyi və Aİ-yə üzvlük prosesi bir-biri ilə sıx bağlıdır. Təhlükəsizlik zəmanətlərinin müddəti ilə bağlı müxtəlif yanaşmalar var. ABŞ 15 illik çərçivə nəzərdə tutur. Ukrayna prezidenti Volodimir Zelenski isə bunun ən azı 20-30 illik dövrü əhatə etməsini istəyir. Çünki Ukraynaya Aİ üzvü olduqdan sonra, ya da müharibədən sonrakı mərhələdə təxminən 800 milyard avro həcmində investisiyanın cəlb olunması planlaşdırılır. Bu isə investorlar üçün uzunmüddətli sabitlik və təhlükəsizlik təminatlarının verilməsini zəruri edir. Əsas müzakirə mövzularından biri də Ukraynada qarşıdakı 20-30 il ərzində müharibə riskinin aradan qaldırılmasıdır".