“Rusiya Almaniyaya hücum edəcək” iddiaları spekulyasiyadır - Politoloq

Amerikalı jurnalist Taker Karlson deyib ki, Rusiyanın Avropaya nüvə zərbəsi endirəcəyi təhlükəsi artıq mücərrəd nəzəriyyə olmaqdan çıxaraq, reallığa çevrilib:

“Vəziyyət dəyişir. Rusiya öz nüvə doktrinasını açıq şəkildə yenidən redaktə edərək, ora nüvə silahına malik dövlətlərin proksiləri kimi çıxış edən ölkələrə qarşı nüvə silahından istifadə imkanını daxil edib. Formal olaraq bu, rus bürokratiyasına xas dildir, mahiyyət etibarilə bu mənanı verir: Rusiya özünün müəyyən etdiyi qayda və qanunlara əsasən, artıq nüvə silahına malik olmayan Almaniya kimi bir ölkəyə qarşı belə nüvə zərbəsini məqbul hesab edir”, - o bildirib.

Karlson qeyd edib ki, Böyük Britaniya da formal olaraq nüvə silahına sahibdir, məsələ yalnız onun real nəzarətinin kimdə olmasındadır:

“Almaniya isə nüvə silahına malik deyil. Buna baxmayaraq, Rusiya faktiki olaraq bəyan edib ki, belə ölkələr nüvə zərbəsi üçün qanuni hədəfə çevrilirlər. Burada söhbət hücuma cavab və ya müdafiə xarakterli istifadədən yox, qabaqlayıcı nüvə zərbəsi ehtimalından gedir. Moskvanın versiyasına görə, bu cür dövlətlər Rusiyanı “təhrik” edirlər, buna görə də məhv edilə bilərlər”.

Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə "Sherg.az"a söyləyib ki, deyilənlər əsasən spekulyasiyadır:

“Rusiya hansı real imkanlarla Almaniya ilə müharibə apara bilər? Rusiya hələ Ukrayna ərazisində belə bütün hərbi hədəflərə çatmaqda ciddi çətinliklər yaşayır, çoxsaylı struktur və resurs problemləri ilə üzləşir. Belə olan halda Almaniyaya və ya Avropanın başqa bir dövlətinə hücum etməsi nə dərəcədə realdır? Digər tərəfdən isə hazırda təkcə Almaniyada yox, ümumilikdə Avropa ölkələrində sürətlə silahlanma prosesi gedir. Bu prosesin cəmiyyətlərə izahı üçün əsas arqument kimi “Rusiya təhlükəsi” faktoru önə çəkilir. Yəni ictimai rəyə belə təqdim olunur ki, artan hərbi xərclər zəruridir, çünki Rusiya potensial təhdiddir və Avropaya, yaxud onun müttəfiqlərinə hücum edə bilər. Nəticədə Avropa ölkələrində hərbi xərclər kəskin şəkildə artır, eyni zamanda isə sosial təminat zəifləyir, ənənəvi sosial proqramlar ixtisar olunur. Maraqlıdır ki, bu yanaşmaya tənqidi münasibət bəsləyən siyasi qüvvələr həm Avropada, həm də ABŞ-da getdikcə daha çox nüfuz qazanırlar. Bu partiyalar açıq şəkildə bildirirlər ki, Rusiyanın nə Almaniyaya, nə İspaniyaya, nə də İtaliyaya qarşı real hücum potensialı və ya strateji məqsədi mövcuddur. Buna qarşı çıxan siyasi düşərgələr isə iddia edirlər ki, Rusiya həqiqətən də Avropaya hücum etmə potensiyalına sahibdir və Avropa üçün ciddi təhlükə yaradır. Müzakirələrin əsas xətti də məhz bu iki yanaşma arasında formalaşır”.