Rusiyadan İrana qatarla göndərilən humanitar yardım Astara stansiyasına çatıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan ərazisindən keçməklə Rusiyadan İrana humanitar yardım daşıyan yük qatarı Astara stansiyasına çatıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 31 vaqondan ibarət olan qatar daha sonra İran ərazisindəki təyinat nöqtəsinə çatdırılacaq.

Rusiyadan göndərilən humanitar yardım əsasən dərman vasitələri, tibbi ləvazimat və qida məhsullarından ibarətdir. Humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur.

Xatırladaq ki, martın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən, çəkisi 13 tondan artıq olan dərman və tibbi ləvazimatlardan ibarət humanitar yardım da Azərbaycan ərazisindən tranzit keçməklə İrana yola salınmışdı.