Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı

Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrılıb.

Sherg.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurmuşdur. Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilmişdir.

Sel və daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı işlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ­cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85.869.260,0 (səksən beş milyon səkkiz yüz altmış doqquz min iki yüz altmış) manat, o cümlədən Fövqəladə Hallar Nazirliyinə 8.876.210,0 (səkkiz milyon səkkiz yüz yetmiş altı min iki yüz on) manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1.437.315,0 (bir milyon dörd yüz otuz yeddi min üç yüz on beş) manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21.443.875,0 (iyirmi bir milyon dörd yüz qırx üç min səkkiz yüz yetmiş beş) manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39.103.600,0 (otuz doqquz milyon bir yüz üç min altı yüz) manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15.008.260,0 (on beş milyon səkkiz min iki yüz altmış) manat vəsait ayrılması qərara alınıb.