İran və ABŞ arasında imzalanan memorandum hərbi qarşıdurmanın başa çatdırılmasını nəzərdə tutur.
Sherg.az xəbər verir ki, iyunun 19-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ, İsrail və onların müttəfiqləri tərəfindən mümkün yeni hücumlar halında döyüş əməliyyatlarına tam hazır olduğunu bəyan edib.
SEPAH-ın yaydığı açıqlamada bildirilir ki, əgər “hiyləgər düşmən” yenidən İran xalqının hüquqlarını pozmağa və öz iddialarını zorla qəbul etdirməyə cəhd göstərərsə, qurumun quru, dəniz və hava qüvvələri, eləcə də hibrid müharibə sahəsində fəaliyyət göstərən bölmələri əvvəlkindən daha güclü şəkildə cavab verməyə hazırdır.
“İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri çoxsaylı əməliyyatlarda qazandıqları təcrübəyə arxalanaraq, cəsur və müdrik ali komandanın ən kiçik göstərişi ilə düşmənə tarixdə görünməmiş dərəcədə sarsıdıcı zərbə endirməyə hazırdırlar”, - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, İran və ABŞ iyunun 18-nə keçən gecə məsafədən memorandum imzalayıblar. Sənəd fevralın 28-də başlayan hərbi münaqişənin dayandırılmasını nəzərdə tutur.
Memoranduma əsasən, ABŞ müəyyən edilmiş müddətdə İran ətrafındakı dəniz blokadasını aradan qaldırmalı, Tehran isə Hörmüz boğazında gəmiçiliyin bərpasını təmin etməlidir.
Bununla yanaşı, İran nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürüb. İranın nüvə proqramı ilə bağlı məsələlərin ayrıca saziş çərçivəsində tənzimlənməsi planlaşdırılır. Tərəflər bu məsələ üzrə 60 gün ərzində danışıqlar aparacaqlar. Tehran üçün əsas hədəf isə İrana qarşı tətbiq edilən sanksiyaların ləğvinə nail olmaqdır.