Seutaya miqrant axını təsadüfi deyil, kənardan idarə olunur - ŞƏRH

  • Miqrantlar vasitəsilə İspaniyada daxili çaxnaşma yaratmaq planı ola bilər

İspaniyanın Mərakeşlə sərhəddə yerləşən Seuta şəhərinin Tarajal bölgəsində ciddi miqrasiya böhranı və gərginlik yaşanır. Məlumata görə, minlərlə qeyri-qanuni ərəb miqrant Tarajal çimərliyindəki dalğaqıranları keçərək İspaniya ərazisinə daxil olub. Seuta rəhbəri hökumətdən rəsmi olaraq ölkədə milli fövqəladə vəziyyət elan edilməsini və sərhədə ordunun yeridilməsini tələb edib.

Qeyd edək ki, Mərakeşdən Seuta kütləvi miqrant axınının səbəbləri ilə bağlı fərqli yanaşmalar irəli sürülür. Bəzi fikirlərə görə, bu proses Mərakeşdəki sosial-iqtisadi və idarəetmə problemlərinin nəticəsidir. Əksəriyyət isə baş verənlərin arxasında geosiyasi amillərin də dayandığını irəli sürür. Onların fikrincə, Seutada yaşananlar təkcə miqrasiya böhranı deyil, həm də İspaniyanın son dövrlərdə ABŞ və İsraillə münasibətlərində yaranan gərginlik fonunda siyasi təzyiq və ya daha geniş geosiyasi ssenarinin tərkib hissəsi ola bilər.

Kriminalist İlqar Altay hesab edir ki, Mərakeşdən İspaniyaya kütləvi miqrasiya müsəlman ölkələrində mövcud olan sosial, idarəetmə və inkişaf problemlərinin göstəricisidir. O, insanların Avropaya üz tutmasını dini idarəetmə modelinin uğursuzluğu ilə əlaqələndirib:

“Mərakeşdən minlərlə insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar həyatlarını riskə ataraq Cəbəllütariq boğazını keçib İspaniyaya üz tuturlar. Mərakeşdə müharibə və ya dövlət çevrilişi olmadığı halda bu cür kütləvi miqrasiya dalğası müsəlman ölkələrindəki mövcud vəziyyətlə bağlı ciddi suallar yaradır.

10 minərlə ərəb qayıqlar, üfürmə balonlarla bir təhər özünü İspan sahillərinə çatdırır, nə qədəri də suda boğulub və meyitləri suyun üzünə çıxır. İspaniya ordu göndərir sahil şəhərlərə hamısını həbs edir, ölkədə fövqəladə vəziyyət elan edilib. İslamın beşiyi Ərəbistandan, Xristianın beşiyi İspaniya, Avropaya baş götürüb qaçırlar. Hanı, dinin hökm sürdüyü yerdə öz ərəblərinə verilən şərait? Dərhal din keşikçiləri "səbəb" tapırlar ki, Qərbdir, müharibə, çaxnaşma törədir, ona görə. Əvvəla, Mərakeşdə heç bir çevriliş, ya müharibə olmayıb, öz kralı dövləti, hakimiyyəti yerindədir. İkincisi, 2-ci Dünya Müharibəsində Almaniyanı tam vurub dağıtdılar, ölkə viran qaldı, amma ki, qalıb qurdular... Hansı alman Ərəbistana qaçdı?”. 

İ. Altay qeyd edib ki, cəmiyyətlər mövcud milli, mental və sosial problemlərin məsuliyyətini başqalarının üzərinə qoymaq əvəzinə, özünütənqid aparmalı, çatışmazlıqları etiraf etməli və islahatlara yönəlməlidirlər. Onun fikrincə, yalnız bu yolla inkişaf və dəyişiklik mümkün ola bilər.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan isə Sherg.az-a bildirib ki, Seutaya kütləvi miqrant axını hüquqi boşluqlar, insan alveri şəbəkələrinin fəaliyyəti və sosial-iqtisadi çətinliklərin birləşməsi nəticəsində baş verir:

“Əsas səbəblər dəniz yolu ilə keçənlərin dərhal geri qaytarılmasını qadağan edən məhkəmə qərarı, sosial şəbəkələrdəki çağırışlar və Mərakeşdəki yüksək dərəcədə artan işsizlik problemidir. Bunun müqabilində İspaniya Ali Məhkəməsinin dəniz vasitəsilə üzərək Seutaya çatan miqrantların dərhal geri qaytarıla bilməyəcəyinə dair qərarı buna zəmin və boşluq yaratdı. İnsan alveri qrupları bu hüquqi vəziyyətdən sui-istifadə edərək miqrantları üzməyə və sərhədi keçməyə təşviq edir. Habelə, gənclərin və yeniyetmələrin Avropada hüquqi qorunma ümidini artıran sosial şəbəkə paylaşımları axını daha da sürətləndirdi. Nəticədə Mərakeşdə və ətraf bölgələrdə qalan gənclərin işsizliyi və yoxsulluq hissi miqrasiya istəyini artırmış oldu. Bəzi ekspertlər Mərakeş hakimiyyətinin sərhəd nəzarətini zəiflətməsini siyasi rıçaq və ya təzyiq vasitəsi kimi qiymətləndirir. Bu da mümkün ola bilər ki, İsrailin təsiri ilə yaxın gələcəkdə bu miqrantların vasitəsi ilə İspaniyada ölkədaxili çaxnaşma və problemlər yaradılsın”. 

T. İrfan qeyd edib ki, İspaniyanın ABŞ və İsraillə münasibətlərinin gərginləşməsi bu cür süni problemlərin yaradılmasını labüdləşdirir: “Mərakeşdə baş vermiş boşluqlardan istifadə edərək miqrantların İspaniyaya kütləvi axınını təşkil etmək və nəticədə həm Mərakeş həm də İspaniya üçün əlavə problemlər yaratmaq məqsədi açıq görünür. Hər bir halda bu təbii proses deyil, kənardan idarə olunur”.