"Siyasətçilər də insandır, evlənə, ayrıla...bilərlər- Tural Abbaslı

Ancaq bu, onların siyasi fəaliyyətinə təsir etməli deyil

Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan ayrılıb. Ayrılıq qərarını Akopyan sosial media hesabında bildirib.

“Daha əvvəl də bəyan etdiyim kimi, mənim və Baş nazir Nikol Paşinyanın nikahı başa çatıb. Fevralın 25-də hökumətə məxsus iqamətgahı tərk etmişəm”, - o qeyd edib.

Paşinyan eks-xanımının ayrılıq qərarına belə reaksiya verib:

“Annanın qərarına hörmətlə yanaşıram. Son 30 ildə mənim bütün çətin günlərimdə yanımda olub, dayağım və arxam olub. Əmin deyiləm ki, mən onun üçün belə olmuşam. Bəlkə də onu daha çox üzmüşəm, buna görə üzr istəyirəm”.

Mövzu ilə bağlı AĞ Partiyanın sədri Tural Abbaslı “Sherg.az”a söyləyib ki, Paşinyanın həyat yoldaşından ayrılması siyasi dəyişikliyə səbəb olmayacaq:

“Ümumiyyətlə isə şəxsi həyatı siyasi və ya peşəkar fəaliyyətlə qarışdırmaq düzgün deyil. Amma reallıq ondan ibarətdir ki, dünyanın hər yerində siyasətçilərin, tanınmış şəxslərin, ictimai-siyasi xadimlərin və mədəniyyət adamlarının şəxsi həyatı daim müzakirə mövzusu olur. Bəzi hallarda bu müzakirələr onların siyasi karyerasına dolayısı və ya birbaşa təsir də göstərir həm müsbət, həm də mənfi mənada. Ona görə siyasətçi çalışmalıdır ki, şəxsi həyatını həddindən artıq ictimailəşdirməsin. Çünki şəxsi həyat çox qabardıldıqda bu, dolayısı ilə siyasi fəaliyyətə də təsir edə bilər. Digər tərəfdən, ictimai fiqur olan şəxs elə davranmalıdır ki, onun şəxsi həyatı cəmiyyətin qəbul etdiyi ümumi dəyərlər və normalarla ziddiyyət təşkil etməsin. Çünki o, həmin cəmiyyətin siyasətçisidir və ya ictimai simasıdır”.

Partiya sədri əlavə edib ki, prinsip etibarilə şəxsi həyat siyasi fəaliyyətə təsir etməməlidir, amma praktikada müəyyən təsirlər mümkündür:

“Hazırkı vəziyyətdə hesab etmirəm ki, bu ayrılıq onun tutduğu siyasi kursa və ya dövlət siyasətinə ciddi təsir göstərsin. Əgər gələcəkdə bu məsələ ətrafında əlavə qalmaqallar, qarşılıqlı ittihamlar və ya mediada siyasi məzmunlu açıqlamalar olarsa, bu artıq başqa məsələdir. Amma tərəflər sivil və qarşılıqlı razılıq əsasında ayrılırlarsa, bunu siyasi hadisəyə çevirmək düzgün olmaz. Siyasətçilər də insandır, evlənə, ayrıla, səhv və ya düzgün qərarlar verə bilərlər. Bu, onların siyasi fəaliyyətinə təsir etməli deyil”.