“Siz bu ölkənin sabahısınız” - Ərdoğan kreslosunu şagirdə həvalə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 23 aprel Milli Suverenlik və Uşaq Bayramı, eləcə də Türkiyə Böyük Millət Məclisinin açılışının 106-cı ildönümü münasibətilə Prezident Sarayında Milli Təhsil naziri Yusuf Tekin və onunla birlikdə gələn uşaqları qəbul edib.

Sherg.az xəbər verir ki, Prezident Ərdoğan nazir Yusuf Tekinlə birlikdə Prezident Sarayında uşaqlarla bir araya gəlib. Qəbul Nazirlər Kabinetinin iclas zalında baş tutub.

Görüş zamanı Ərdoğan uşaqlarla səmimi söhbət edib. Qəbul zamanı 3-cü sinif şagirdi Mutlucan Korkmaz və bağça şagirdi olan bacısı Gülsü Işıl Korkmaz şeir səsləndiriblər. Qardaş-bacının sosial mediada daha əvvəl yayılan görüntüləri də salonda Ərdoğana nümayiş etdirilib.

Proqramda duyğulu anlar yaşanıb. “Minarələr süngü, qübbələr miğfər” misraları ilə başlayan “Əsgər duası” şeirini oxuyan Mutlucan həyəcanlanaraq göz yaşlarını saxlaya bilməyib. Ərdoğan isə ona “Mutlucanlar ağlamaz” deyərək dəstək olub.

Prezident Ərdoğan uşaqların bayramını təbrik edərək bildirib:

“Keçən həftə hamımızı dərindən kədərləndirən iki hadisə baş verdi. Hücumlarda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. 23 Apreli uşaqlara hədiyyə edən Mustafa Kamal Atatürk və silahdaşlarını, Milli Mübarizəni uğurla idarə edən Məclis üzvlərini hörmətlə yad edirəm”.

Prezident qeyd edib ki, hər bir uşaq ölkənin gələcəyidir:

“Parlaq gözləriniz, saf və məsum simanız, mərhəmət dolu qəlbinizlə siz bizim ümidimizsiniz. Gələcəkdə bu vəzifələrdə siz olacaqsınız. Elm, incəsənət, idman, siyasət və həyatın bütün sahələrində ulduz kimi parlayacaqsınız. Yetər ki, özünüzə inanın, arzularınızdan vaz keçməyin və nizam-intizamla çalışın”.

Ərdoğan simvolik olaraq prezident kreslosunu Böyükhanlı Qardaşlar Orta Məktəbinin 5-ci sinif şagirdi Civan Boran Varqünə həvalə edib.

Varqün çıxışında bildirib ki, 23 Aprel 1920-ci il tarixi xalqın öz taleyini müəyyən etmək gücünü dünyaya göstərdiyi mühüm dönüş nöqtəsidir. O vurğulayıb ki, uşaqlar gələcəyin məsuliyyətini daşıyır, texnologiyadan düzgün istifadə edəcək, təbiəti qoruyacaq və daha yaxşı dünya üçün çalışacaqlar.

O, həmçinin məktəblərdə baş verən son faciəli hadisələrə toxunaraq həyatını itirənlərə rəhmət, yaralılara isə şəfa arzulayıb.

Varqün jurnalistlərin suallarını da cavablandırıb. Türkiyənin müdafiə sənayesindəki uğurları barədə danışaraq mühəndislərə təşəkkür edib və bu sahədə yeni layihələr həyata keçirmək istədiyini bildirib.

Proqramın sonunda Prezident Ərdoğan uşaqlarla xatirə şəkli çəkdirib və onlara velosiped hədiyyə edib.