Türkiyədə məhkəmə qərarı ilə CHP sədrliyindən müvəqqəti uzaqlaşdırılan Özgür Özəl partiyanın TBMM-dəki qrup sədri vəzifəsinə yenidən seçilib. Qapalı keçirilən səsvermədə iştirak edən 96 deputatdan 95-i Özələ dəstək verib.
Sherg.az xəbər verir ki, keçmiş CHP sədri Kəmal Kılıçdaroğlu isə jurnalistlərə açıqlamasında Özgür Özəl ilə yaxın günlərdə görüşəcəyini bildirib. O, partiya daxilində qarşıdurmanı dərinləşdirən açıqlamalardan çəkinməyə çağıraraq, CHP-nin “quruluş prinsiplərinə və mənəvi dəyərlərinə qaytarılacağını” vurğulayıb.
Bu arada, CHP-nin 38-ci qurultayı ilə bağlı araşdırma çərçivəsində Türkiyənin 7 vilayətində əməliyyat keçirilib, 13 şübhəli saxlanılıb. Onlar “Siyasi Partiyalar Qanununu pozma”, “rüşvət alma” və “çirkli pulların yuyulması” kimi ittihamlarla istintaqa cəlb olunublar.
Digər tərəfdən, bir CHP üzvünün 2024-cü il yerli seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciəti Yüksek Seçim Kurulu tərəfindən rədd edilib. Qurum seçkilərin etibarlılığına dair tələbi əsassız hesab edib.